AZ

Bu serialda da "Şahin"i canlandıracaq

Türkiyənin tanınmış aktyoru Alper Çankaya karyerasında yeni mərhələyə qədəm qoyur. “Uzak Şehir” serialındakı uğurlu çıxışından sonra aktyorun daha iki iddialı layihədə yer alacağı məlum olub.

Musavat.com-un məlumatına görə, hazırda “Uzak Şehir”də canlandırdığı Şahin Albora obrazı ilə tamaşaçıların rəğbətini qazanan Alper Çankaya mövsüm başa çatmadan serialdan ayrılmağa hazırlaşır.

Aktyorun yeni ünvanı isə Netflix üçün hazırlanan “Eve Giden Yol” adlı serial olacaq. Burada o, yenidən “Şahin” adlı obrazı canlandıracaq.

Ay Yapım şirkətinin istehsal etdiyi və rejissorluğunu Onur Saylakın etdiyi “Eve Giden Yol” psixoloji triller janrında çəkilir. Səkkiz bölümdən ibarət olacaq ekran işinin süjeti böyük bir yol qəzasından sonra baş verən sirli hadisələr ətrafında qurulub. Serialın baş rollarında Aras Bulut İynemliNilperi Şahinkaya yer alırlar. İynemli “Kemal”, Şahinkaya isə onun həyat yoldaşı “Şebnem” obrazını canlandıracaq. Çəkilişlərin iyun ayında başlaması planlaşdırılır.

Maraqlı məqamlardan biri də odur ki, Alper Çankaya və Aras Bulut İynemli daha əvvəl məşhur Çukur serialında birlikdə rol alıblar. “Eve Giden Yol” layihəsi onların illər sonra yenidən eyni ekran işində bir araya gəlməsinə imkan yaradacaq.

Bununla yanaşı, aktyorun adı son günlər “Taşacak Bu Deniz” serialı ilə də hallanır. Türkiyə mediasında yayılan məlumatlara görə, Çankayanın həmin layihənin heyətinə qoşulacağı bildirilir. Lakin bu barədə rəsmi təsdiq hələ verilməyib.

Könül
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr