AZ

UN-Habitat: Ərəb regionu su çatışmazlığından ən çox əziyyət çəkən bölgələrdəndir

Hazırda Ərəb regionu dünyada su çatışmazlığından ən çox əziyyət çəkən bölgələrdən biridir.

Ölkə.az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb Dövlətləri üzrə Regional Ofisinin nümayəndəsi Rania Hedeya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.

Onun sözlərinə görə, Ərəb regionu sürətli urbanizasiya, su qıtlığı, torpaqların deqradasiyası və iqlim dəyişikliyindən qaynaqlanan artan təzyiqlərlə üz-üzədir: "Hazırda Ərəb regionu əhalisinin 60 %-dən çoxu şəhərlərdə yaşayır. Bu, təbii ki, infrastrukturumuza və təbii resurslarımıza təzyiqi artırır. ​Bu region artıq dünyada su çatışmazlığından ən çox əziyyət çəkən bölgələrdən biridir. Qlobal miqyasda suyun ən qıt olduğu 25 ölkədən 14-ü Ərəb ölkəsidir və onlar bizim regionumuzda yerləşir. Eyni zamanda, temperaturun yüksəlməsinin, ekstremal hava şəraitinin və ətraf mühitin deqradasiyasının şahidi oluruq ki, bunlar da insanların dolanışıq vasitələrini, infrastrukturu, şəhərlərimizin ekosistemini və onların davamlılığını ciddi şəkildə təhdid edir".

R.Hedeya qeyd edib ki, regionun bəzi hissələrində bu çətinliklər, təəssüf ki, hamımızın bildiyi və gördüyü kimi, münaqişələr səbəbindən daha da ağırlaşır: "İnfrastrukturun zədələnməsi, ekosistemlərimizin deqradasiyası və dolanışıq vasitələrinin itirilməsi, şübhəsiz ki, həssaslığı artırır və biz bərpa, eləcə də yenidənqurma üzərində işləyərkən bu prosesi daha mürəkkəb və daha çətin edir. ​Bu, təkcə effektiv deyil, həm də uyğunlaşa bilən və dayanıqlı həllərin qəbul edilməsinin təxirəsalınmazlığını ortaya qoyur. Məhz bu məqamda təbiətə əsaslanan həllər dövrəyə girir və bu sessiya bizim cəlb olunmağımız və iştirak etməyimiz üçün olduqca vacibdir".

"​Təbiətə əsaslanan həllər davamlılığı gücləndirmək üçün praktiki və səmərəli yollar təqdim edir. Onlar bizə xidmət göstərilməsini təkmilləşdirməklə, ekosistemləri bərpa etməklə və şəhərlərimizdə həyat keyfiyyətini yüksəltməklə yanaşı, iqlim riskləri ilə mübarizə aparmaq üçün təbiətlə harmoniyada işləməyə imkan verir. ​UN-Habitat-da təbiətə əsaslanan həllər bizim 2026-2029-cu illər üzrə Strateji Planımızın mərkəzi və ayrılmaz hissəsidir. Bu, həmçinin regionda dayanıqlı urbanizasiyaya dair fəaliyyətimizdə və göstərdiyimiz dəstəkdə nəzərə aldığımız çox vacib bir elementdir".

Seçilən
37
2
olke.az

3Mənbələr