AZ

“Samsung” və həmkarlar ittifaqı bəzi məsələlərdə yaxınlaşdı, böyük tətil təhlükəsi qalır

Cənubi Koreyada Samsung Electronics və şirkətin həmkarlar ittifaqı arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Buna baxmayaraq, tərəflər əsas iki məsələ üzrə hələ də razılığa gələ bilməyib və mayın 22-dən planlaşdırılan 18 günlük tətil təhlükəsi qüvvədə qalır.

QHT.az xarici mediaya istinadən bildirir ki, təxminən 48 min işçinin iştirakı gözlənilən tətil bonus ödənişləri ilə bağlı mübahisələrdən qaynaqlanır. Danışıqlara vasitəçilik edən Koreya Milli Əmək Münasibətləri Komissiyasının rəhbəri Park Su-keun tərəflərin bəzi güzəştlərə getdiyini, lakin iki əsas məsələdə fikir ayrılığının qaldığını bildirib.

Cənubi Koreya hökuməti isə mümkün tətilin ölkə iqtisadiyyatına ciddi zərbə vura biləcəyindən narahatdır. Sənaye naziri Kim Jung-kwan parlamentdə çıxışı zamanı “tətil baş verməməlidir” deyərək, bunun bütün ölkə üçün risk yaratdığını vurğulayıb.

Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung-un fəaliyyətində uzunmüddətli fasilənin qlobal çip tədarükünə də təsir göstərə biləcəyi qeyd olunur. Xüsusilə süni intellekt texnologiyalarına tələbatın artdığı dövrdə istehsalın dayanması bazarda yeni çatışmazlıqlar yarada bilər.

Cənubi Koreya Mərkəzi Bankının nümayəndəsinin sözlərinə görə, ən pis ssenaridə tətil ölkənin bu il üçün proqnozlaşdırılan 2 faizlik iqtisadi artımını 0,5 faiz bəndi azalda bilər. Bu halda təxminən 30 trilyon von (19,9 milyard dollar) həcmində çip istehsal itkisi yarana bilər.

Zəhra Ağayeva

Seçilən
38
qht.az

1Mənbələr