Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qusar rayonunun Qullar kənd sakinləri ciddi su problemi ilə üzləşiblər.
Yerli sakinlər problemlə bağlı “AzPolitika”ya müraciət edərək qeyd ediblər ki, Samur-Abşeron su kanalı məhz kəndin ərazisindən keçsə də, artıq bir aydan çoxdur əkin sahələrinə su verilmir. Nəticədə kənddə ciddi su problemi yaranıb, əkin sahələri susuz qalıb, bağ və təsərrüfatlara böyük ziyan dəyib. Sakinlər bildirirlər ki, məhsulların bir hissəsi artıq məhv olub.
Həmçinin bildirilir ki, aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də, məsələ hələ də həllini tapmayıb.
Problemlə bağlı “AzPolitika”ya açıqlama verən Azərbaycan Su Ehtiyatları Agentliyinin Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin direktor müavini Ramazan Adilov problemin texniki səbəblərlə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, ərazidə baş verən sel axınları nəticəsində su arxları yararsız vəziyyətə düşüb və bu səbəbdən suyun verilişində gecikmə yaranıb: “Texnika çatışmazılığı səbəbindən ərazidə suyun verilişində problem yaşanır. Bu gün sakinlərlə də görüş keçirəcəyik. Onların narazılığını anlayırıq. Ancaq bu, baş verən fövqəladə təbii fəlakətlə bağlıdır. Sel axınları səbəbindən su arxları yararsız hala düşüb. Normalda aprel ayının 15-də su mövsümü açılırdı və əhaliyə su paylanılırdı. Lakin bu dəfə təxminən bir ay yubanmışıq. Çünki arxların təmizlənməsi işləri aparılır. Bu istiqamətdə işlər görülür. Ən geci iki gün ərzində arxlar təmizlənəcək və işlər qaydasına düşəcək”.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.