Türkiyənin Mersin vilayətində baş verən qanlı hadisə ölkə gündəmini sarsıdıb.
Paytaxt.org xəbər verir ki, Tarsus və Çamlıyayla rayonlarında keçmiş həyat yoldaşı da daxil olmaqla 6 nəfəri güllələyərək qətlə yetirən Metin Ö. jandarmanın keçirdiyi xüsusi əməliyyat zamanı intihar edib.

Hadisə ötən gün Mersinin müxtəlif ərazilərində baş verib. 37 yaşlı Metin Ö. əvvəlcə Tarsusun Kadelli məhəlləsində işlədiyi qəssab dükanı və restoranına gedərək işçisi Ahmet Ercan və obyekt sahibi Sabri Panı silahla qətlə yetirib. Daha sonra 01 B 9171 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçan şübhəli yol boyu qarşısına çıxan insanlara da hücum edib.
Şübhəli Yeniköy məhəlləsində yanacaqdoldurma məntəqəsində yük maşını sürücüsü Gökay Selfioğlunu öldürüb. Daha sonra Çamlıyayla rayonunun Darıpınarı məhəlləsində keçmiş həyat yoldaşı Arzu Özdeni güllələyərək qətlə yetirib. Hücumlarını davam etdirən Metin Ö. Abdullah Koca və gənc çoban Yusuf Oktayı da öldürüb.

Qanlı hücumlar zamanı ümumilikdə 8 nəfər yaralanıb. Yaralılar Tarsus Dövlət Xəstəxanası və ətraf xəstəxanalara yerləşdirilib.
Hadisədən sonra bölgəyə çoxsaylı jandarma qüvvələri cəlb olunub. Vertolyot dəstəyi ilə aparılan əməliyyat zamanı şübhəlinin istifadə etdiyi avtomobil Qarakütük məhəlləsinin kənd ərazisində tapılıb. Daha sonra Metin Ö.-nin Çokak ərazisindəki bir evdə gizləndiyi müəyyən edilib.
Jandarma əməliyyata başladığı anda Metin Ö. tutulacağını anlayaraq yanında olan silahla intihar edib.
Mersin Valiliyinin yaydığı açıqlamada bildirilib ki, şübhəlinin narkotik asılılığı olub və onun müxtəlif psixiatrik diaqnozlarla bağlı çoxsaylı xəstəxana qeydiyyatı mövcuddur. Hadisə ilə bağlı istintaq və inzibati araşdırmalar davam etdirilir.

Qətliam zamanı yaralanaraq sağ qalan restoran işçisi Mehmet Han Topal yaşadığı dəhşəti belə danışıb:
“Biz onun telefon çıxaracağını düşündük, amma birdən silah çıxardı. Əvvəl məni vurdu, güllə qulağımın yanından keçdi. Sonra Sabrini boynundan vurdu. İçəri girib Əhmədi də vurdu. Mən özümü çölə atıb qaçdım”.
Ölən şəxslərin meyitləri Tarsus Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisə Türkiyədə böyük rezonans doğurub.
Musavat.com
