AZ

Bakının növbəti uğuru, anti-Azərbaycan qüvvələrin iflası - Şərh

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, eyni zamanda Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan siyasi, iqtisadi və geostrateji çəkisinin növbəti dəfə təsdiqidir. 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir Azərbaycanın artıq qlobal səviyyədə etibarlı tərəfdaş, təhlükəsiz əməkdaşlıq məkanı və beynəlxalq dialoq platforması kimi qəbul edildiyini göstərir. Bu faktın özü belə Bakının dünya miqyasında nüfuzunun hansı səviyyəyə yüksəldiyini ortaya qoyur”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Vüqar Rəhimzadə deyib.

 Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, WUF13 COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. “Bu isə təsadüfi deyil. Son illərdə Azərbaycan yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də qlobal humanitar, siyasi və iqtisadi platformalara ev sahibliyi etməklə yeni beynəlxalq reallıqlar formalaşdırır. Bakı artıq regionun diplomatik mərkəzlərindən birinə çevrilib. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan bu gün fərqli siyasi sistemlər, sivilizasiyalar və iqtisadi platformalar arasında körpü rolunu oynayır”, - o vurğulayıb.

Deputat əlavə edib ki, WUF13-ün Bakıda keçirilməsi həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm tərkib hissəsidir: “Forum vasitəsilə dünya ictimaiyyəti Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olur. Bakı şəhərinin tarixi irslə müasir urbanizasiya modelini birləşdirən nümunəvi inkişaf yolu artıq beynəlxalq səviyyədə maraq doğurur. İçərişəhərdən Ağ Şəhərə qədər uzanan inkişaf xətti göstərir ki, Azərbaycan modernləşmə ilə milli-mədəni irsin qorunması arasında uğurlu balans yarada bilib.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi ilə bağlı səsləndirdiyi fikirlər isə forumun əsas siyasi mesajlarından biri kimi diqqət çəkdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri artıq dünya urbanizasiya tarixinin ən böyük bərpa layihələrindən biri hesab olunur. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması erməni vandalizminin miqyasını göstərirsə, bu gün həmin ərazilərdə ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın təzahürüdür. Azərbaycan dağıdılmış əraziləri qısa müddətdə yenidən həyata qaytarmaqla regionda inkişaf, sabitlik və təhlükəsizlik modelini formalaşdırır”.

Deputat qeyd edib ki, bu gün Qarabağda inşa olunan hava limanları, tunellər, körpülər, sənaye zonaları və yaşayış məntəqələri təkcə infrastruktur layihələri deyil, həm də siyasi mesajdır: “Bu mesaj ondan ibarətdir ki, Azərbaycan öz suverenliyini tam təmin edib və bölgənin gələcək inkişaf modelini müəyyən edən əsas aktora çevrilib. Məhz buna görə də ölkəmizin əldə etdiyi uğurlar və beynəlxalq nüfuzunun artması bəzi anti-Azərbaycan dairələrini ciddi narahat edir”.
Azərbaycanın uğurunu həzm edə bilməyən qüvvələrin WUF13 zamanı də həyata keçiridyi qarayaxma kampaniyası ilə bağlı mövqeyini açıqlayan deputat  deyibki, bu təsadüfi deyil: “COP29 ərəfəsində olduğu kimi, WUF13 zamanı da müəyyən xarici dairələr və ermənipərəst mərkəzlər Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Onlar müxtəlif informasiya manipulyasiyaları, qərəzli hesabatlar və siyasi təzyiq vasitələri ilə ölkəmizin uğurlarına kölgə salmağa cəhd göstərirlər. Lakin reallıq tamamilə fərqlidir. Dünyanın 182 ölkəsindən minlərlə nümayəndənin Bakıya gəlməsi, forumun yüksək səviyyədə təşkili və beynəlxalq iştirakçıların Azərbaycanın inkişaf modeli ilə bağlı müsbət fikirləri bu cəhdlərin iflasa uğradığını göstərir.

Əslində, anti-Azərbaycan dairələri ən çox ölkəmizin müstəqil siyasətindən, regional liderliyindən və qlobal nüfuzunun artmasından narahatdırlar. Çünki Azərbaycan artıq xaricdən idarə olunan deyil, özü regional və beynəlxalq gündəm formalaşdıran dövlətə çevrilib. Bakı bu gün həm enerji təhlükəsizliyi, həm nəqliyyat-kommunikasiya layihələri, həm də humanitar və şəhərsalma platformaları baxımından dünyanın diqqət mərkəzindədir.

WUF13 bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və geoiqtisadi mərkəzlərindən birinə çevrilib. Forum həm də göstərdi ki, ölkəmizin inkişaf modeli beynəlxalq səviyyədə maraq doğurur və Azərbaycan artıq qlobal miqyasda nümunə göstərilən dövlətlər sırasındadır. Bakının belə mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi isə Azərbaycanın təşkilati imkanlarının, təhlükəsizlik potensialının və dövlət idarəçiliyinin gücünü bütün dünyaya nümayiş etdirir”.

Mürtəza

Seçilən
58
50
olke.az

10Mənbələr