İstanbulda keçirilən İŞİD terror təşkilatını hədəf alan əməliyyatda 110 şübhəli saxlanılıb.
Ölkə.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin qrupları İŞİD terror təşkilatının fəaliyyətinin qarşısını almaq və ifşa etmək məqsədi ilə əməliyyat keçirib.
Qruplar müəyyən edib ki, İŞİD terror təşkilatına dəstək fəaliyyətləri həyata keçirən şübhəlilər qanunsuz birliklərdə dərslər təşkil edir, təşkilatın ideologiyasına uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlara təhsil verir, təşkilatla əlaqəli fəaliyyətlərə görə həbs olunanlar üçün pul toplayır və qrup daxilində keçirilən təşkilati iclaslarda radikal bəyanatlar verirlər.
Həmçinin müəyyən edilib ki, şübhəlilər təşkilata üzv cəlb etmək üçün çalışır, xərcləri ödəmək və təşkilati təbliğat aparmaq üçün kitab və jurnallar satırlar.
Əməliyyat zamanı 110 şübhəli saxlanılıb. Axtarışlar zamanı 4 tüfəng, 90 güllə, çoxsaylı qadağan olunmuş nəşrlər və təşkilati sənədlər, eləcə də rəqəmsal materiallar müsadirə edilib.
Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıblar.
Mürtəza
