AZ

“İmtahanda ixtisas fənni isə nəzərə alınmır” - Ramin Nurəliyev

"17 may 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (II cəhd) keçirilməsi zamanı bir sıra çətinliklər müşahidə olunub. Yağışlı hava şəraiti, Bakı şəhərində keçirilən tədbir və bunun nəticəsində yaranan tıxaclar bəzi abituriyentlərin imtahana gecikməsinə səbəb olub. Bu kimi hallar iştirakçıların psixoloji durumuna da mənfi təsir göstərərək onların nəticələrinə təsir edə bilər".

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, fors-major hallarda iştirakçılar üçün müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun olardı: “Belə vəziyyətlərdə Dövlət İmtahan Mərkəzi gecikənlər üçün əlavə vaxt nəzərdə tuta bilərdi. Çünki bu, fövqəladə haldır. Ümumilikdə isə imtahanın təkrar keçirilməsi və ya vaxtının dəyişdirilməsi ilə bağlı qərarı Dövlət İmtahan Mərkəzi verməlidir”.

Ekspert qeyd edib ki, imtahan suallarının çətinlik dərəcəsi də ictimai narazılıq yaradıb: “Sosial şəbəkələrdə sualların kifayət qədər çətin olduğu ilə bağlı fikirlər səsləndirilib. Mən hesab edirəm ki, suallar həddindən artıq çətin olmamalıdır”.

Ramin Nurəliyev magistratura imtahanının mövcud formatının yenidən nəzərdən keçirilməsini də təklif edib: “Hazırda imtahan riyaziyyat, məntiq, informatika və xarici dil üzrə keçirilir, ixtisas fənni isə nəzərə alınmır”.

Onun fikrincə, ixtisas fənninin daxil edilməsi daha ədalətli qiymətləndirmə yarada bilər: “Məsələn, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr üçün ixtisas fənnindən sualların olması daha məqsədəuyğundur. Magistratura elmi dərəcə olduğu üçün ixtisaslaşmanı daha yaxşı əks etdirməlidir”.

Ekspert əlavə edib ki, hazırkı sistem bəzi ixtisaslar arasında balanssızlıq yaradır: “Riyazi və texniki sahələrdə təhsil alan tələbələr daha çox üstünlük qazana bilir, humanitar ixtisaslarda isə nəticələr nisbətən aşağı olur”.

Onun sözlərinə görə, imtahan strukturunda dəyişikliklər bu balanssızlığı aradan qaldıra bilər: “Məsələn, riyaziyyat suallarını azaltmaq, ixtisas fənninə 20 sual, informatika və xarici dilə isə əlavə suallar daxil etmək mümkündür”.

Ramin Nurəliyev sonda bildirib ki, ümumilikdə mövcud sistemdə ədalətlilik prinsipi yenidən qiymətləndirilməlidir: “Düşünürəm ki, imtahan formatına yenidən baxılması vacibdir. Bu, sadəcə mənim şəxsi fikrimdir”.

Fatimə Nəbiyeva

Seçilən
13
qht.az

1Mənbələr