AZ

Yelisey sarayında qısqanclıq: Bricit Makron prezidenti ovsunlamağa çalışan gənc stajeri qovub...

Fransanın birinci xanımı artıq sarayda işə qəbul müsahibələrinin son mərhələsini özü aparır...

Bricit Makron Yelisey sarayında "məqsədlərinə çatmaq üçün cazibədarlıq və yoldan çıxarmaqdan" istifadə etməyə çalışan gənc bir stajerin işdən çıxarılmasına nail olub.

Poliqon xəbər verir ki, bu barədə Fransanın birinci cütlüyü haqqında hazırlanan yeni bioqrafik kitabda məlumat verilir. Florian Tardifin qələmə aldığı "Un Couple (Presque) Parfait" - "Demək olar ki, ideal cütlük" adlı kitab çapdan çıxdıqdan dərhal sonra fransız bestseller siyahılarının başına keçib.

Müəllif iddia edir ki, nümunəvi prezident birliyinin fasadının arxasında gərgin münasibətlər, qısqanclıq və daxili ziddiyyətlər gizlənir. Kitabın çıxışına həsr edilmiş radio müsahibəsində Tardif bildirib ki, ötən il mayda Hanoy hava limanında baş vermiş qalmaqallı epizodun əsl səbəblərindən xəbərdardır. O vaxt bütün dünyaya yayılan videoda Bricit Makronun Vyetnamda təyyarədən çıxmazdan əvvəl Fransa prezidentinin üzünə kəskin şəkildə itələdiyi görünürdü.

Jurnalistin sözlərinə görə, mübahisəyə səbəb Emmanuel Makronun telefonunda tanınmış İran aktrisi Qolşiftə Fərahanidən gələn mesaj olub. Tardif iddia edir ki, fransız lider yazışmada aktrisanı "gözəl" və "möhtəşəm" sözləri ilə vəsf edib.

Lakin müəllifin yazdığına görə, bu, birinci xanımın həyat yoldaşına yaxın olan qadınlara ağrılı reaksiya verdiyi ilk hal deyildi. Bricit Makronun yaxın ətrafından biri Tardifə bildirib ki, 73 yaşlı birinci xanım kitabda Şəhərzad adı ilə keçən, iyirmi yaşlarında olan gənc bir stajerin saraydan uzaqlaşdırılmasını sürətləndirib. Məmurlardan birinin sözlərinə görə, həmin qız "istədiyini əldə etmək üçün, yəni Yelisey sarayında iş qazanmaq üçün yoldan çıxarmaqdan istifadə etməyə" cəhd edib.

Müəllif həmçinin iddia edir ki, Bricit Makron yalnız həmin qadını deyil, bir neçə il sonra başqa bir müşaviri də prezidentin ətrafından uzaqlaşdırıb. Tardif Les Grandes Gueules proqramında bildirib ki, Yelisey sarayına vəzifəyə namizədlər son mərhələdə məhz birinci xanım tərəfindən müsahibəyə çəkilir. "Yelisey sarayında işləmək üçün müraciət edən müşavirlər var. Son mərhələdə müsahibəni birinci xanım aparır. O, bu məsələlərə çox həssas yanaşır", deyə jurnalist bildirib.

O həmçinin iddia edir ki, Bricit Makron bir dəfə prezidentin müşavirlərindən birinin telefonunda namizədin şəklini gördükdən sonra həmin qadının işə qəbulunu rədd edib. Müəllifin sözlərinə görə, birinci xanım o zaman belə deyib: "Xeyr, bu adam buraya gəlməyəcək."

Hanoy videosunu şərh edərkən Tardif baş verəni "adi ailə səhnəsi" adlandırıb. Onun versiyasına görə, Bricit Makron ərinin bir neçə ay ərzində "platonik münasibət" saxladığı iddia edilən Qolşiftə Fərahani ilə yazışmasını görüb.

Qolşiftə Fərahani Tehranda anadan olmuş 42 yaşlı aktrisadır. O, beynəlxalq filmlərdə çəkilərkən hicab taxmaqdan imtina etdikdən sonra sürgündə yaşayır. Aktrisanın özü isə bu cür şayiələri dəfələrlə təkzib edib.

"Bu şayiələr dalğalar şəklində ortaya çıxır yaranır və yox olur. Mən sadəcə müşahidə edirəm. Nə edə bilərəm? Bu, məni belə narahat etmir", deyə o, Gala jurnalına müsahibəsində bildirib.

Tardif vurğulayıb ki, kitabdakı məlumatlar yalnız "yoxlanılmış faktlara" əsaslanır və prezidentin yaxın ətrafından insanlar tərəfindən təsdiqlənib. Yelisey sarayının ətrafı isə hadisənin İran aktrisi ilə bağlılığını qətiyyətlə rədd edib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr