AZ

Psixoloq: “Kişilər texniki və mexaniki sahəyə, qadınlar isə ünsiyyət və qayğı olan sahələrə yönəlirlər”

Müasir dövrdə gender bərabərliyi mövzusu cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Buna baxmayaraq, bəzi peşələr hələ də daha çox kişilərlə, bəziləri isə qadınlarla əlaqələndirilir. Məsələn, elektrik, mexanik və ya tikinti kimi sahələrdə əsasən kişilər çalışırlar, qadınlar isə daha çox müəllimlik, tibb, xidmət və ya ofis işlərinə yönəlirlər. Son illər gender məsələlərinə diqqət artsa da, qadınların “daha yüngül” hesab olunan peşələrə meyil etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, peşəni seçən zaman psixoloji uyğunluğa, bacarığa baxılmalıdır.

 

Onun sözlərinə görə, uşaq yaşdan etibarən ailədə, oynanılan oyunlarda uşaqlar arasında sanki bir rol bölgüsü olur, uşaq böyüdükcə də şüur altında “mən kim olacam” fikri yatır və orada modelləşdirir, daha sonra bu sahəni seçərək təqdim edir: “Peşə seçimi zamanı özümüzə “Marağımızdadırmı bu sahə?” sualını verməliyik. Ən vacibi isə cəmiyyətdə ona tələbat varmı deyə diqqət edilməlidir Peşə, iş seçərkən sağlamlığa nə qədər zərərli ola bilər, həmçinin iş şəraitinə baxılmalıdır. Məsələn, mən illər öncə psixologiya sahəsini seçdiyim zaman 2002-ci ildə atam deyirdi ki, cəmiyyətdə psixoloqa ehtiyac yoxdur. Amma bu gün ən çox lazım olan sahələrdən biri psixologiyadır. Texnikalar inkişaf edir, insanın ünsiyyətə daha çox ehtiyacı olacaq. 5-10 il sonra da insanların daha çox psixoloqa ehtiyacı olacaq. Ümumiyyətlə, stereotiplər, tərbiyə peşə seçimində çox önəmlidir. Məsələn peşələrdən biri olan elektrik işi xanımlar üçün riskli ola bilər və ya maraq dairəsində olmaya bilər. Bir iş seçilərkən onu risk ehtimalı da nəzərə alınmalıdır. İllər öncə rus dili müəllimlərinə daha çox tələbat vardı, valideynlər uşaqlarını rus bölməsinə qoymaq istəyirdi. Hazırda isə ingilis bölməsinə daha çox tələbat var. Ona görə müəyyən müddət ərzində müəyyən sahələr var ki, tələbat onlara olur”.

 

Psixoloq qeyd edib ki, kişilər texniki və mexaniki sahəyə, qadınlar isə daha çox ünsiyyət və qayğı olan sahələrə yönəlirlər: “Soruşduqda deyilir ki, qadın bağça müəllimi olmaq istəyir. Səbəb isə qayğıdır, öyrətmə istəyidir. Bu daha çox xanıma yaxın olur. Təbii ki, burada sosial təzyiqlər, stereotiplər də rol oynayır. Bəzən deyirlər qadına bu sahə olmaz. “Qadından pilot olmaz” deyirlər, ancaq bu gün qadın pilotlar, nəqliyyat sürücüləri, qadın elektriklər var. Əvvəllər kişi müəllimlər daha çox olsa da, bu gün də müəllimliyi seçən kişilər var. Bu sahələr müxtəlif olur. İnsanlar yanlız fiziki gücünə görə yox, eyni zamanda da iqtisadi imkanlar, təhlükəsizlik, marağa, ailədə dəstəyə görə müxtəlif sahələri seçə bilərlər. Bəzi sahələr var, deyirlər ki, bu kişi peşəsidir qadına uyğun deyil. Burada diqqət etmək lazımdır ki, cəmiyyətə bu lazımdır. Cəmiyyətə istər qadın sürücü, pilot, istərsə də kişi müəllim lazımdır. Kişi artıq müəllim kimi çalışmaq istəmir. Görürəm artıq qəribə üz ifadələri olur. Niyə? Əvvəllər cəmiyyətdə kişi müəllimləri işləyib, çox olub... Buna baxmayaraq isə hazırda azlıq təşkil edir”.

 

Şəhanə Quliyeva

Tarix: 19 May 2026, 10:20   
Seçilən
22
pravda.az

1Mənbələr