AZ

Ombudsman: "Şəhərin inkişaf göstəricisi insan üçün nə dərəcədə əlçatan, təhlükəsiz olmasıdır"

"WUF13 kimi nüfuzlu beynəlxalq platformanın ölkəmizdə keçirilməsi şəhərsalma, dayanıqlı inkişaf, sosial inklüzivlik və insan hüquqları məsələlərinin birgə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız memarlıq həlləri, infrastruktur və nəqliyyat imkanları ilə deyil, ilk növbədə insanın gündəlik həyatına yaratdığı real şəraitlə ölçülür:

“Şəhərin həqiqi inkişaf göstəricisi onun hər bir insan üçün nə dərəcədə əlçatan, təhlükəsiz, rahat və ləyaqətli həyat məkanı olmasıdır. Bu baxımdan bugünkü tədbirin mövzusu xüsusi aktuallıq kəsb edir. Əlilliyi olan şəxslərin hüquqları şəhərsalma siyasətinin mahiyyətinə daxil olan əsas insan hüquqları məsələlərindəndir. İnklüziv şəhər mühitinin formalaşdırılması bərabər imkanların, sosial ədalətin və insan ləyaqətinə hörmətin mühüm şərtidir.

Müyəssərlik yalnız pandus, lift və xüsusi nişanlarla məhdudlaşmır. Bu anlayış insanın gündəlik həyatını sərbəst qurmasına imkan verən bütöv yanaşmanı ifadə edir. Bu isə şəxsin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət, ictimai xidmətlər və icma həyatında digər şəxslərlə bərabər şəkildə maneəsiz və səmərəli iştirakını təmin etmək deməkdir. Beləliklə, əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər və səmərəli iştirakı yalnız müyəssər mühitin formalaşdırılması ilə mümkündür”.

Ombudsman həmçinin qeyd edib ki, əlilliyi olan şəxslərin qarşılaşdığı bir çox çətinliklər daha çox mühitin düzgün qurulmaması ilə bağlıdır:

“Standartlara uyğun olmayan keçidlər, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitar qovşaqlar, səsli və vizual məlumatlandırmanın yetərsizliyi, rəqəmsal xidmətlərdə mövcud maneələr insanların müstəqil yaşamaq və cəmiyyətdə bərabər iştirak etmək imkanlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı üçün bu sahə həm hüquqi, həm də institusional baxımdan mühüm prioritetlərdən biridir. Bakı şəhərinin bir sıra mərkəzi ərazilərində ictimai məkanların, keçidlərin, nəqliyyat və informasiya infrastrukturunun əlilliyi olan şəxslər üçün müyəssərliyi monitorinq edilib.

Monitorinq prosesində vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi önəm verilib. Monitorinqin nəticəsi olaraq əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə müvafiq təklif və tövsiyələrin əks olunduğu hesabat hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib. Bu yanaşma olduqca vacibdir.

Çünki əlilliyi olan şəxslər və onları təmsil edən təşkilatlar qərarların qəbulu, layihələndirmə, monitorinq və qiymətləndirmə proseslərində birbaşa iştirak edən tərəfdaşlar kimi çıxış etməlidirlər. Ən düzgün və dayanıqlı həll yolları gündəlik həyatda həmin maneələrlə üzləşən insanların bilik və təcrübəsi nəzərə alındıqda formalaşır”, – deyə o qeyd edib.

"Cebheinfo.az"

Seçilən
8
8
cebheinfo.az

9Mənbələr