ABŞ-nin Kaliforniya ştatında yerləşən məsciddə atışma ilə bağlı təhlükəsizlik qüvvələri əməliyyat keçirir...
Poliqon xəbər verir ki, ABŞ-nin San Diego şəhərində yerləşən məscidlərdən birində silahlı insident baş verdiyi barədə məlumat yayılıb. Hadisə ilə əlaqədar əraziyə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumatlara görə, hadisə zamanı atəş səsləri eşidilib və hüquq-mühafizə orqanları bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. Yerli media orqanları hadisənin mümkün kütləvi atışma kimi araşdırıldığını bildirirlər.
Hazırda ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib. Polis hadisənin detalları, hücumun motivi və şübhəli şəxslərin olub-olmaması ilə bağlı araşdırmaları davam etdirir.
Şahidlərin sözlərinə görə, insidentdən sonra məscid və ətraf ərazilər tam mühasirəyə alınıb, insanlardan təhlükəsizlik məqsədilə hadisə yerindən uzaq durmaları istənilib.
ABŞ-də ibadət məkanlarında baş verən silahlı hücumlar son illərdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Federal və yerli təhlükəsizlik qurumlarının hadisə ilə bağlı yaxın saatlarda əlavə məlumat yayacağı gözlənilir.
Poliqon.info