AZ

Elxan Şahinoğlu: Donald Tramp İranı iqtisadi cəhətdən boğur

TV Musavat-ın növbəti analitik buraxılışında politoloq Elxan Şahinoğlu ABŞ ilə İran arasındakı geosiyasi qarşıdurmadan danışıb. Ekspert bildirib ki, Donald Trumpın sərt təzyiqlərinə baxmayaraq, ABŞ prezidentinin mövqeyi Vladimir Putinin vəziyyətindən köklü şəkildə fərqlənir.

Politoloqun sözlərinə görə, Putin hazırda həm daxili, həm də xarici təhdidlər fonunda faktiki dalana dirənib. Tramp isə belə ekzistensial risklərlə üzləşmir və daha geniş manevr imkanlarına malikdir.

Vaşinqtonun yeni strategiyası: İranın iqtisadi blokadası

Elxan Şahinoğlu vurğulayıb ki, Tramp əvvəlki dövrlərdə istədiyi əsas nəticəyə — İran rejimini devirməyə və ya ciddi şəkildə zəiflətməyə nail ola bilməyib. Bu səbəbdən Ağ Ev taktikanı dəyişərək “ikinci plana” — İranın iqtisadi cəhətdən boğulmasına keçib.

“Hazırda Hörmüz boğazı ciddi nəzarət altındadır. ABŞ faktiki olaraq tankerlərin hərəkətinə nəzarət edir. Maraqlıdır ki, Trampın Çinə son səfəri zamanı Çin neft tankerlərinin boğazda ilişib qalması ilə bağlı vəziyyət yaranmışdı. Nəticədə həm İran, həm də ABŞ — yəni Tramp administrasiyası — Pekinlə münasibətləri gərginləşdirməmək üçün onların keçidinə razılıq verdi. Bu, göstərir ki, Tramp seçici davranır, amma Tehran ətrafındakı halqa getdikcə daralır”, — deyə politoloq qeyd edib.

Tramp Tehranla üçüncü müharibəyə gedəcəkmi?

Ekspert genişmiqyaslı müharibə ehtimalına skeptik yanaşdığını bildirib. O xatırladıb ki, ABŞ regionda İran və onun proksi qüvvələrinə qarşı artıq iki böyük hərbi kampaniya aparıb, lakin əsas məqsəd — rejim dəyişikliyi — əldə olunmayıb.

“Əgər Tramp üçüncü müharibəyə başlasa və İran rejimi yenə də ayaqda qalsa, bu, onun ABŞ daxilindəki nüfuzuna və siyasi mövqeyinə ciddi zərbə vurar. Buna görə Vaşinqton total müharibədən yayınmağa çalışacaq. Amma Tramp açıq şəkildə xəbərdarlıq edib ki, əgər kəşfiyyat İranın uranın zənginləşdirilməsini bərpa etdiyini müəyyən etsə, ABŞ tərəddüd etmədən İranın nüvə mərkəzlərinə güclü və dəqiq zərbələr endirəcək”, — deyə ekspert bildirib.

İran özünü tələyə salıb: qarşıda ağır günlər var

Şahinoğlunun fikrincə, Hörmüz boğazını bağlamağa və Fars körfəzi ölkələrinə şərt diktə etməyə çalışan Tehran özü çıxılmaz vəziyyətə düşüb. ABŞ isə buna cavab olaraq İranın beynəlxalq təcridini daha da gücləndirib. Bu şəraitdə İranın 92 milyonluq əhalisini ağır dövr gözləyir.

“İranın əsas gəlir mənbəyi neft və qaz satışıdır. Hazırda ixrac imkanları ciddi şəkildə məhdudlaşıb. Müharibədən əvvəl də ölkədə sosial-iqtisadi problemlər ağır idi, hazırkı qarşıdurma isə vəziyyəti daha da kəskinləşdirib. SEPAH rejimi üçün daxili narazılığı nəzarətdə saxlamaq getdikcə çətinləşəcək. Tramp bunu anlayır və gözləmə mövqeyi tutur. Hətta o artıq açıq şəkildə bildirib ki, ‘İran məsələsini həll etdikdən sonra Kuba ilə məşğul olacağam’. Hazırda Havanada da Tehran rejiminin davamlılığı ciddi narahatlıqla izlənilir”, — deyə politoloq vurğulayıb.

Azərbaycanın mövqeyi: bölgəyə sülh lazımdır

Sonda Elxan Şahinoğlu qeyd edib ki, diplomatik kanallar hələ də açıqdır, tərəflər arasında müxtəlif təkliflər dövr edir, Pakistan isə fəal vasitəçi kimi çıxış etməyə çalışır. Lakin hələlik ciddi nəticə yoxdur.

Politoloqun sözlərinə görə, hazırda aktiv döyüş əməliyyatlarının olmaması bölgənin bütün ölkələri, o cümlədən Azərbaycan üçün sərfəlidir.

“Azərbaycan da digər qonşular kimi müharibə istəmir. Biz dəfələrlə Tehran tərəfindən müxtəlif təxribatlarla üzləşmişik, amma sərhədlərimiz yaxınlığında genişmiqyaslı müharibə heç kimə lazım deyil. Regionda sabitlik Bakı üçün prioritet məsələdir”, — deyə Şahinoğlu yekunlaşdırıb.

Məhəmməd Türkmən / Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr