AZ

Rəcəb Tayyib Ərdoğan: Türkiyə iqtisadiyyatı böhran vəziyyətlərinə qarşı davamlı olub

Türkiyəyə rəhbərlik etdiyimiz illər ərzində ölkəni bütün sahələr üzrə daha yüksək səviyyəyə çatdırmış, milli iqtisadiyyat üçün güclü və dayanıqlı təməl yaratmışıq. Dünyada proteksionist meyillərin gücləndiyi, ticarət rəqabətinin isə daha da sərtləşdiyi bir dövrdə Türkiyə iqtisadiyyatının həcmi 1,6 trilyon dollara yüksəlib, adambaşına düşən gəlir isə 18 min dolları ötüb.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Ticarət və Sənaye Palataları və Birjaları Birliyində keçirilən tədbirdə səsləndirib.

Prezident bildirib ki, Türkiyənin yerləşdiyi bölgədə münaqişələrin davam etməsinə baxmayaraq, ötən ilin yekunlarına görə, ölkə iqtisadiyyatı 3,6 faiz artıb. “Xarici ticarət dövriyyəsi 820 milyard dollara çatıb. Məhsul və xidmət ixracı 396 milyard dollar təşkil edib. Yaxın vaxtlarda ixrac həcmi 400 milyard dolları keçəcək”, - deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, müharibələr və böhranların yaratdığı çətinliklərə baxmayaraq, Türkiyənin ixrac göstəricilərində artım davam edir. Bu ilin aprel ayının nəticələrinə əsasən, Türkiyədən dünyanın 166 ölkəsinə məhsul tədarükündə artım qeydə alınıb.

“Türkiyə iqtisadiyyatının potensialını görən xarici investorlar son 23 ildə ölkəmizdə 89 min şirkət yaradıb və Türkiyəyə 290 milyard dollar sərmayə yatırıb. Həmin investisiyalar 1,2 milyon Türkiyə vətəndaşının işlə təmin olunmasına imkan verib, ixrac hesabına isə ölkəyə hər il 70 milyard dollar valyuta gəliri qazandırıb”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Seçilən
6
7
ikisahil.az

10Mənbələr