AZ

Çay yataqlarını zəbt edən şəhərləri sel aparacaq Türk alim Şərq ə danışdı

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Adəm Sezər: “Bu cür anomal hava hadisələri artıq qaçılmazdır”

“Atmosferin tarazlığı pozulub,bəzi canlı növləri yox ola bilər”

“Xəzər isinərsə, Azərbaycanda dağıdıcı yağışlar artacaq”

Son illərdə qlobal iqlim dəyişikliyi və onun yaratdığı təsirlər dünya üzrə həm elmi, həm də ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Atmosfer sistemində baş verən dəyişikliklər nəticəsində hava dövranının pozulması, temperatur və yağıntı rejimlərində kəskin dəyişiklərin yaranması artıq müxtəlif regionlarda özünü açıq şəkildə göstərir. Bu proseslər yalnız təbiət hadisəsi kimi deyil, həm də insan fəaliyyəti, iqtisadi sistemlər və şəhər planlaması ilə əlaqəli problem kimi qiymətləndirilir. 

Azərbaycanda da baş verən normadan artıq yağıntının da səbəbi əslində dünyada baş verən qlobal ekoloji proseslərlə birbaşa əlaqəlidir.

Uşak Universiteti Təhsil fakültəsindən Prof.Dr Adəm Sezər Sherg.az-ın qlobal istiləşmənin səbəbləri, atmosfer və okean sistemləri arasındakı əlaqələr, regionlara təsir mexanizmləri və ən əsası isə bu dəyişikliklərin canlı aləmə, kənd təsərrüfatına və insan həyatına təsirləri ilə bağlı suallarını cavablayıb: 

-Qlobal hava dövranı sistemi niyə pozulur?

-Əslində əsas məsələ qlobal hava dövranı sisteminin pozulmasıdır. Bu atmosfer sistemində meydana gələn pozulmalarla bağlıdır. Bunun təməlində dayanan səbəb əhalinin artmasına bağlı olaraq fosil yanacaqların həddindən artıq istifadə olunması və ya ən ümumi adı ilə karbon emissiyasının artması səbəbindən atmosferi təşkil edən qazlarda meydana gələn dəyişiklikdir. Xüsusilə karbon, xloroflorokarbonlar atmosferdə çoxaldıqda atmosferin istixana effektində tarazsızlıq ortaya çıxır. Mən buna xüsusilə “tarazsızlıq” deyirəm. Çünki bəzən bu vəziyyət istixana qazlarının artması və ya azalması formasında özünü göstərir. Yəni ozon təbəqəsinin incəlməsi və ya qalınlaşması şəklində ortaya çıxır. Bunun nəticəsində atmosferdəki bu pozulma qlobal hava dövranına təsir edir. 

-Necə təsir edir? 

-İstixana qazları artdıqda, ozon təbəqəsi ilə bağlı olaraq temperatur yüksəlir. Temperaturun yüksəlməsi isə hər yerdə eyni şəkildə baş vermir. Xüsusilə Şimal yarımkürəsində daha qabarıq şəkildə hiss olunur. Nəticədə Şimal yarımkürəsindəki buzlaqlar əriməyə başlayır. Bunun ərimiş olması isə birbaşa atmosfer sistemi ilə birlikdə okean sisteminə də təsir edir. Çünki okeanların əsasında da su dayanır. Su axınları formalaşır. İsti , soyuq su axınları iqlim üzərində çox ciddi şəkildə rol oynayır. İstər Azərbaycanda, istərsə də Türkiyədə olsun, okean sahilində olmadığımız üçün biz bunları çox hiss etmirik. Amma atmosferdəki dəyişiklik bütün dünyaya açıq şəkildə təsir edir. Məsələn, Şimali Atlantik dediyimiz, Atlantik okeanının şimal hissəsi, Şimali Amerika ilə Avropa arasında dəyişiklik nəticəsində yaranan hava kütlələri Türkiyəyə təsir edir.

-Bəs Azərbaycana təsir edən nədir? 

-Kontinental polyar dediyimiz, daha çox şimalda, Sibir mənşəli bölgələrdəki kontinental hava kütlələrində dəyişiklik baş verir. Şimaldakı Sibir bölgəsində həddindən artıq istiləşməyə bağlı olaraq yer örtüyündə meydana gələn dəyişikliklər var. Bu dəyişikliklər havaya təsir edir. Havaya təsir etdikdə hava kütlələri dəyişməyə başlayır. Hava kütlələri dəyişəndə isə onların rutin hərəkətlərində pozulmalar yaranır. Bu pozulmaların nəticəsində ortaya çıxan qlobal iqlim dəyişikliyinin ən mühüm təsiri budur: vaxtsız hava hadisələrinin müşahidə olunması. Normal orta göstəricilər var. Məsələn, bir bölgədə orta göstəriciyə görə ildə altı yüz millimetr yağıntı düşməlidir. Bu on iki aya bölünür. Altı ayda çox, altı ayda az ola bilər, amma bəzən vəziyyət belə olur: altı yüz millimetrin iki yüz millimetri iki gün ərzində yağır. Məhz onda hər şey tarazlığını itirməyə başlayır. Yerdəki su balansı pozulur, atmosferin aşağı qatındakı rütubət vəziyyəti, temperatur vəziyyəti dəyişir və buna bağlı bir çox hərəkətlər meydana gəlir. Biz buna konveksiya hərəkəti deyirik. Yer həddindən artıq qızır, birdən hava yuxarı qalxır. Hava qəfil yuxarı qalxanda isə bir müddət sonra bu, şiddətli yağıntı kimi geri qayıdır.

-Bunu dayandırmaq olmaz?

-Dayandırmaq çətindir. Onsuz da bütün dünya birlikdə mübarizə aparır. Keçən illərdə Azərbaycanda da bununla bağlı işlər görüldü. Bütün dünya Azərbaycanda, Bakıda toplandı. Mən müəyyən səbəblərə görə qatıla bilmədim, amma Türkiyədən alimlər iştirak etdilər. 

Burada “müsbət iki dərəcə” deyilən simvolik bir ifadədən danışılır. Deyilir ki, dünyanın orta temperaturu müsbət iki dərəcəni keçərsə, böyük fəlakət gələcək. 

-Böyük fəlakət deyiləndə nə nəzərdə tutulur? 

-Elə məhz bu-bir bölgədə vaxtsız və həddindən artıq isti hava hadisələrinin baş verməsi nəzərdə tutulur. Biz Klimatologiya dilində buna “anomaliya” deyirik. Bu orta göstəricidən çıxma deməkdir. Göstəricilər bəzən mənfi dəyərlərdə çox aşağı düşür, bəzən isə müsbət dəyərlərdə yuxarı qalxır. Bu, canlılara avtomatik şəkildə təsir edir. 

-Dünyanın keçmişində də belə hadisələr yaşanıb. 

-Bəli, bir çox canlı növlərinin yox olma hekayəsi var. Bu prosesdə təsirli olan əsas amillərdən biri əslində qlobal iqlim dəyişikliyidir. Bu, türk tarixində də çox açıq şəkildə görünür. Türkiyədə tədris olunan tarixə görə türklərin Asiyadan qərbə doğru köç etmələrinin səbəblərindən biri keçmişdə yaşanmış qlobal iqlim dəyişikliyi hadisələridir.

Məsələn, Ahmet hocamızın Göytürklərə aid bir kitabı var. Göytürklərin süqutu ilə bağlı Çin mənbələrində belə yazılır: “İki il ardıcıl olaraq davamlı qış yaşandı". Yəni həddindən artıq sərt qışın yaşanması sizin hər şeyinizi məhv edər. Nəticə belə olur.

Hazırda da eyni şeylər baş verir. Yaxınlarda Türkiyədə Samsunda, Havzada belə bir hadisə yaşandı. Bir ildə düşməli olan yağıntının yarısı bir anda yağdı. Hər tərəfi sel basdı. Şəhərdə də, kənddə də hər yeri su apardı. Böyük bir fəlakət yaşandı.

-Bizdə də hocam, iki gündür qəfil şəkildə leysan yağışları yağdı.

-Baxın, bunlar qlobal iqlim dəyişikliyindən gözlənilən hadisələrdir. Atmosfer tarazlığını quran bir sistem-hava dövranı sistemi var. Dünyanın üzərində üfüqi hava dövranı sistemi mövcuddur, bir də şaquli istiqamətdə arada gedib-gəlmələr baş verir. Bunu müəyyən edən əsas faktor isə dünyanın öz oxu ətrafında fırlanmasıdır. Bu fırlanma zamanı Günəşlə olan münasibət nəticəsində ekvator ətrafında hava yüksəlir. Qütblərə doğru müəyyən bir tarazlaşma səviyyəsindən sonra hərəkət davam edir. Dünyanın fırlanmasının təsiri ilə otuzuncu enliklərdə bu hava aşağı doğru çəkilir. Qütblərdə isə davamlı soyuğa bağlı olaraq enmə hərəkəti baş verir. Burada uzun bir dövri proses mövcuddur. Biz isə bəzi yerlərdə bu dövrü pozuruq. 

-Necə pozuruq? 

-Həddindən artıq istiləşmə ilə okean və ya dəniz səthi qızır. Azərbaycanda da böyük Xəzərimiz var. Xəzər isinərsə, bir az belə istiləşərsə, həddindən artıq buxarlanma baş verir. Bu həddindən artıq buxarlanmanın nəticəsində isə sonradan lokal, regional və şiddətli yağıntı yaranır.

Məsələnin mahiyyəti budur: biz bunu bilməliyik, buna uyğun davranmalıyıq. Biz quraqlıq dövrlərində suların çəkildiyi yerləri nəzərə almadan çay yataqlarını işğal edirik. Çay yataqlarını zəbt etdikdən sonra belə bir anomaliya baş verəndə avtomatik olaraq suyun içində qalırıq.

-Bunun yolu nədir? Yəni biz bunu əvvəlcədən proqnozlaşdırıb qarşısını ala bilərikmi? 

-Xeyr, bunun qarşısını tam ala bilmərik. Bu dəyişikliyi dayandırmaq mümkünsüz kimi görünür. Bunu bir ölkə-Azərbaycan və ya Türkiyə təkbaşına dayandıra bilməz. Buna görə də bütün dünyada qlobal iqlim dəyişikliyi ssenariləri hazırlanır, üzərində işlənir. Bununla bağlı hesabatlar yayımlanır. Bu hesabatlara görə dünyanın bütün ölkələri karbon emissiyası balansını tənzimləməlidir.

-Məsələn, Amerikada Tramp hakimiyyətə gəldikdən sonra ABŞ bu razılaşmadan çıxdı.

-Çünki bu razılaşmaya uyğun hərəkət etdiyiniz zaman karbon emissiyasını azaltmalı olursunuz. Yəni kömürə və ya neftə bağlı, yəni fosil yanacaq dediyimiz enerji növlərini azaldaraq karbon emissiyasını aşağı salmalısınız. Amma bu da başqa bir balanssızlığa- iqtisadi balanssızlığa səbəb olur. Dünyanın, bütün dövlətlərin ortaq qərar verməsi lazımdır. Bunun azaldılması üçün addımlar atılmalıdır.

-Məsələn?

-Məsələn bərpa olunan enerjiyə keçmək lazımdır. Ya da əgər karbon əsaslı yanacaq istifadə olunursa, çox güclü filtrlər tətbiq edilərək emissiyanın azaldılması təmin edilməlidir. Fosil yanacaq istifadə edirsinizsə, emissiyanı azaltmaq məcburiyyətindəsiniz.

Bunun yerli səviyyədə görülə biləcək həlli isə budur: dövlətlər öz ölkələri daxilində hövzələri nəzarət altına almalıdır. Hövzələr araşdırılmalıdır. "Bu hövzələrə orta hesabla nə qədər yağıntı düşür?", "Keçmişdə maksimum nə qədər yağıntı düşüb?", Əgər bu miqdar on faiz, iyirmi faiz, otuz faiz artsa, yerüstü su axınları hansı ərazilərə çata bilər?"- bunların hesablanması lazımdır.

Buna uyğun olaraq sel və daşqın xəritələri hazırlanmalıdır. Məsələn, bir bölgəyə normalda əlli millimetr yağıntı düşürsə, birdən-birə bundan daha çox yağıntı düşəndə hansı ərazilərin risk altında qalacağı əvvəlcədən müəyyən edilməlidir.

"Yağıntı yüz millimetrə çıxarsa, burada yağıntının axına çevrilmə nisbəti nə olar?", "Axına keçdiyi zaman çaylardakı suyun debisi nə qədər olar?", "Yayılma sahəsi nə qədər genişlənər?"- bunları müəyyən etmək və erkən xəbərdarlıq sistemləri qurmaq lazımdır. Artıq bunları qurmaq mümkündür. İnkişaf edən texnologiya ilə birlikdə, rəqəmsal texnologiyalar, coğrafiyanın istifadə etdiyi coğrafi informasiya sistemləri vasitəsilə aparılan analizlər bizə bu imkanları verir. Əslində etməli olduğumuz da budur. Bizim fərdi və ümumi şəkildə görə biləcəyimiz tədbirlər bunlardır. 

-Bəs bundan sonra bizi nələr gözləyir?

-Həddindən artıq yağıntılar olacaq. Vaxtsız həddindən artıq istilər və ya həddindən artıq soyuqlar baş verəcək. Bəzi dövrlərdə həddindən artıq yağıntı olduğu halda, başqa dövrlərdə yağıntının ciddi şəkildə azalması müşahidə olunacaq.

Məsələn, Türkiyə keçən il təxminən son əlli ilin ən az yağıntılı mövsümünü, ən quraq ilini yaşadı. Yağıntı minimum həddə düşdü. Amma 2026-cı il gəldi və qış mövsümündən bu günə qədər son əlli altı ildə ölçülən ən yüksək yağıntı miqdarı qeydə alındı. Yəni ardıcıl gələn iki ildən biri minimum anomaliya, digəri isə maksimum anomaliya yaratdı.

İndi bu vəziyyət bitkilər, digər canlılar, insanlar, insanların iqtisadi fəaliyyəti və mədəni mühiti üzərində ciddi dağıdıcı təsir yaradır. 

-Belə davam edərsə, canlıların həyatı necə olacaq?

-Bütün canlıların müəyyən temperatur tələbi var. Bizim maksimum və minimum temperatur hədlərimiz mövcuddur. Bu, bitkilər üçün də, heyvanlar üçün də, insanlar üçün də belədir. Əgər bu temperatur dərəcələri mənfi və ya müsbət istiqamətdə normadan kənara çıxarsa, o zaman həmin canlılığın özü təhlükə altına düşür. Növlərin yaşama şansı azalmağa başlayır.

İsti-soyuq balansının hüdudlarından çıxdığı zaman canlıların yox olma təhlükəsi başlayır. Bu, bütün canlılar üçün eyni deyil. Bəzi canlılar öz bioloji balanslarını yenidən tənzimləyə və ya dəyişiklik yavaş-yavaş baş verərsə, uyğunlaşaraq yeni formada həyatlarını davam etdirə bilirlər. Amma çoxu bunu bacarmayacaq. Çünki onların maksimum və minimum hədləri çox dəqiq və sərtdir. Bu hədləri yuxarı və ya aşağı istiqamətdə dəyişə bilməyəndə, temperatur artdıqda və ya azaldıqda məhv olurlar.

-Bəzi canlıların yox olacağını deyə bilərikmi? 

-Bəli, əgər bu vəziyyət bir neçə il davam etsə, buna tab gətirə bilməyən növlər tamamilə yox olma riski ilə üzləşəcək. Belə bir ehtimal yüksəkdir.

-Bu, kəndtəsərrüfatına da ciddi təsir edir.

-Məsələn, bitkilərdən nümunə verim. Türkiyə keçən il yaz mövsümündə ekstremal soyuq anomaliyası yaşadı. Buzlanma və don hadisəsi baş verdi. Bu, kənd təsərrüfatı istehsalına ciddi şəkildə təsir etdi. Eyni vəziyyət davam etdi. Ərik istehsalı demək olar ki, olmadı. Çox ciddi problem yarandı və çox geniş əraziyə yayıldı. Mənim bağımda da iki ərik ağacı var idi. Onlardan biri keçən il öldü. Buna dözə bilmədi. Bu il yaxşı gedirdi. Amma bu il don hadisəsi Türkiyənin hər yerində olmasa da, müəyyən bölgələrdə yenə yaşandı. Mənim yaşadığım şəhərdə də may ayına qədər uzanan gecikmiş don hadisəsi oldu. İndi yəqin ki, ikinci ərik ağacım da öləcək. O da buna dözə bilməyəcək.

Normalda may ayında ağacın gövdəsində su hərəkət etməyə başlamışdı. Su budaqların ucuna qədər çatmış, yarpaqlar açılmışdı. Yarpaqlar su ilə dolmuşdu. Amma dona davam gətirə bilmədi və öldü. Yarpaq donanda əvvəlcə budaqların ən ucları donur, sonra isə bu donma aşağıya doğru yayılır.

Əslində kənd təsərrüfatında və təbiətdə bir çox ağac eyni şeyi yaşayır. Ya da məsələn, başqa canlılar - qış yuxusuna gedən heyvanlar tez oyanır. Erkən oyandıqdan sonra isə yenidən don hadisəsinə məruz qalırlar. Əgər həmin anda bədən temperaturlarını qoruyacaq bir yer tapa bilməsələr, gizlənəcək sahələri olmazsa və açıqda qalsalar həmin heyvan orada ölürlər.

-Bu dağıdıcı təsiri minimuma endirməyin yolu var?

-Hesablamalar aparmalıyıq. Yəni qlobal iqlim dəyişikliyinin bizim bölgəmizdə yarada biləcəyi maksimum anomaliyaların nələr ola biləcəyini əvvəlcədən müəyyən etməliyik.

Bunları ortaya qoyub buna uyğun şəkildə- binaların tikilməsindən tutmuş, həyata keçirəcəyimiz iqtisadi fəaliyyətlərə, kənd təsərrüfatı fəaliyyətlərinin növlərinə qədər hər biri ilə bağlı yeni hesablamalar aparmalıyıq.

Dövlət planı olaraq bunları mərhələli şəkildə tətbiq etməliyik. Bunu birdən-birə etmək mümkün deyil. Tədricən həyata keçirməliyik. Xüsusilə də çay yataqlarını işğal etməməyimiz lazımdır. Prosesdə bu məsələ çox vacibdir.

Məsələn, Türkiyədə son illərdə yaşanan sel hadisələrinin demək olar hamısı insan qaynaqlıdır. Yəni "Bu qədər yağıntı olanda nə qədər sel yaranar?", "Çay nə qədər yüksələr?", "Çay yatağı nə qədər genişlənər?"- bunları hesablamamışıq. Üstəlik, belə hadisələr onsuz da otuz ildən bir, qırx ildən bir və ya əlli ildən bir baş verir. Hər il davam etməyəcək.

İnsanlar bunu nəzərə almadan gəlib çay yatağında məskunlaşanda isə sel gəlib hər şeyi aparır. 

Şəhər sellərinin əsas səbəbi budur: şəhərin yerləşdiyi relyefdəki vadi sisteminə uyğun hərəkət edilməməsi və yeraltında qurulan kanalizasiya sisteminin bu qədər yağıntını daşıya biləcək gücdən çox aşağı səviyyədə olması. Səbəb budur. Başqa səbəb yoxdur. Əks halda təbiət bunu etməyə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sherg.az

1Mənbələr