Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın mayın 19-da Ağ Evin Situasiya otağında milli təhlükəsizlik komandası ilə İran əleyhinə mümkün hərbi addımları müzakirə edəcəyi barədə məlumat Vaşinqton-Tehran xəttində gərginliyin kritik mərhələyə keçdiyini göstərir. “Axios”un jurnalisti Barak Ravidin yaydığı məlumata görə, görüşdə İranla bağlı hərbi fəaliyyət variantları masaya yatırılacaq. Bu fonda “Fars” agentliyinin ABŞ-ın İrana sülh nizamlanması üçün beş şərt irəli sürdüyünü açıqlaması diqqət çəkir.
Digər tərəfdən, İran Prezidenti Məsud Pezeşkianın “əgər müharibə vəziyyətindəyiksə, müharibə mövqeyi tutmalıyıq” açıqlaması Tehranın artıq vəziyyətin ciddiliyini açıq şəkildə etiraf etdiyini göstərir. Pezeşkian ölkədəki bahalaşmanı da birbaşa mövcud qarşıdurma ilə əlaqələndirərək bildirib ki, “kim mübarizə aparırsa, çətinliyi qəbul etməlidir”. Bu açıqlamalar həm ABŞ-ın İran üzərində təzyiqləri artırdığını, həm də İran hakimiyyətinin cəmiyyəti mümkün daha ağır mərhələyə hazırlamağa çalışdığını göstərən mühüm mesajlar kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Donald Trampın milli təhlükəsizlik komandası ilə İran əleyhinə mümkün hərbi variantları müzakirə etməsi Vaşinqtonun bölgədə təzyiq siyasətini yeni mərhələyə keçirdiyini göstərir.

"Lakin bu, avtomatik şəkildə genişmiqyaslı hərbi əməliyyat qərarının verilməsi mənasına da gəlmir. ABŞ adətən belə müzakirələr vasitəsilə həm rəqibə siyasi-psixoloji mesaj verir, həm də diplomatik danışıqlarda əlini gücləndirməyə çalışır. Xüsusilə İranın təslim olmadığını nəzərə alsaq bu addım başadüşüləndir. Bu baxımdan Ağ Evdə hərbi ssenarilərin müzakirəyə çıxarılması daha çox “təzyiq və çəkindirmə strategiyası”nın tərkib hissəsi kimi görünür. Bununla yanaşı, ABŞ bölgədə nəzarətdən çıxacaq geniş müharibənin risklərini də anlayır. Çünki belə bir ssenari enerji bazarlarından tutmuş qlobal ticarət marşrutlarına qədər ciddi təsirlər yarada bilər".
Ekspert bildirib ki, Məsud Pezeşkianın “müharibə vəziyyətindəyik” açıqlaması isə təkcə xarici təhlükəyə cavab mesajı deyil, eyni zamanda İran daxilində iqtisadi və sosial təzyiqin artdığının etirafıdır:
"Son illərdə sanksiyalar, inflyasiya, milli valyutanın zəifləməsi və sosial narazılıq İran hakimiyyəti üçün ciddi daxili problemə çevrilib. Pezeşkianın bahalaşmanı birbaşa qarşıdurma ilə əlaqələndirməsi cəmiyyətə “çətinliklərin səbəbi xarici təzyiqlərdir” mesajını verməyə hesablanıb. Bu, həm də mümkün daha ağır iqtisadi mərhələyə ictimai hazırlıq yaratmaq cəhdi kimi görünür. İran rəhbərliyi anlayır ki, uzunmüddətli gərginlik daxildə sosial narazılığı daha da dərinləşdirə bilər".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.