AZ

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

“S&P Global” reytinq agentliyi  Özbəkistanın Davr-Bank bankının kredit reytinqinin Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə razılaşmanın yekunlaşmasından sonra yüksələ biləcəyini açıqlayıb. ABB 2026-cı il mayın 8-də “Davr-Bank”ın nizamnamə kapitalının 51 faizini əldə etmək niyyətini elan edib. Bildirilib ki, sövdələşmə tamamlandıqdan sonra “Davr-Bank”ın reytinqləri ABB Qrupunun dəstəyindən faydalanacaq.

Bu çərçivədə “Davr-Bank”ın emitentin uzunmüddətli kredit reytinqi “B” səviyyəsində müsbət proqnozla “CreditWatch” siyahısına daxil edilib. Bankın qısamüddətli kredit reytinqi isə “B” səviyyəsində təsdiqlənib. “S&P Global” qeyd edib ki, razılaşmanın tamamlanmasından sonra reytinq “CreditWatch” siyahısından çıxarıla bilər. Bunun isə 2026-cı ilin ikinci yarısında tələb olunan tənzimləyici icazələrin alınmasından asılı olduğu vurğulanıb.

Agentliyin analitikləri hesab edirlər ki, “Davr-Bank” ABB Qrupunun tərkibinə daxil olduqdan sonra daha yüksək kredit qabiliyyətinə malik maliyyə strukturunun bir hissəsinə çevriləcək. Bu da bankın reytinqinin bir pillə yüksəlməsinə səbəb ola bilər.

Qeyd olunub ki, “Davr-Bank” ABB Qrupunun ümumi aktivləri və kapitalının təxminən 10–11 faizini təşkil edəcək. Ekspertlərə görə, bu addım ABB-nin regional bazarlarda iştirakını genişləndirməsi və Mərkəzi Asiya maliyyə sektorunda mövqeyini gücləndirməsi baxımından strateji əhəmiyyət daşıyır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

 

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr