AZ

Hantavirusun yayılmağa başladığı "MV Hondius" kruiz gəmisi Rotterdam limanına çatdı

Göyərtəsində hantavirus epidemiyası yayılan Niderlanda məxsus "MV Hondius" sərnişin gəmisi Rotterdam limanına yan alıb.

Moderator.az xəbər verir ki, bu barədə "nu.nl" nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, su nəqliyyatı vasitəsi yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 12:30 - red.) 7 nömrəli estakadada lövbər atıb. Gəmi heyəti tibb işçilərinin nəzarəti altında quruya ayaq basıb. Onlar gəmidə qalan digər sərnişinlərlə birgə liman ərazisindəki xüsusi yaşayış modullarında karantin rejiminə cəlb ediləcəklər.

Hüquq-mühafizə və xüsusi xidmət orqanları gəminin dayandığı ərazini, eləcə də bütün giriş yollarını bağlayıb. Sərnişinlərin və heyətin yerləşdirildiyi modullar da tam nəzarətə götürülüb. Dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün bəzi heyət üzvləri gəmidə saxlanılıblar.

Gəminin təmizlənməsinə, dezinfeksiya prosesinə sabahdan etibarən başlanacaq və cümə gününədək yekunlaşacaq. Bu prosesi xüsusi ixtisaslaşmış təmizlik şirkəti icra edəcək.

Xatırladaq ki, "MV Hondius" gəmisi aprel ayının əvvəllərində Argentinanın Uşuaya limanından yola çıxıb. Həmin vaxt gəminin göyərtəsində 23 müxtəlif ölkədən təqribən 150 nəfər olub. Səyahət zamanı bir neçə şəxsdə kəskin tənəffüs yolları xəstəliklərinin əlamətləri özünü göstərməyə başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın əvvəllərində gəmidə "Andes" ştammı mənşəli hantavirus infeksiyasının yayıldığını elan edib. Mayın 10-da isə gəmi Tenerife adası sahillərinə yan alıb. Orada sərnişinlər və heyətin bir hissəsi təxliyə edilərək xüsusi təyyarə reysləri ilə karantinə götürülüb.

ÜST-nin rəsmi məlumatlarına əsasən, gəmidə olanlar arasında 9 nəfərin hantavirusa yoluxduğu ehtimal edilib. Onlardan yeddisinin diaqnozu laboratoriya şəraitində təsdiqini tapıb, üç xəstə isə həyatını itirib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus hazırkı mərhələdə genişmiqyaslı epidemiya riskinin olmadığını, ancaq vəziyyətin hər an dəyişə bilmək riskini də istisna etməyib.

Seçilən
48
1
moderator.az

2Mənbələr