AZ

ADP İdarə Heyətinin toplantısı keçirilib

 
Subasma hallarından zərər çəkmiş vətəndaşlara təzminat ödənilməsi tələb edilib…
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda dünyada və ölkədə baş verən ictimai-siyasi proseslər geniş müzakirə olunub. İdarə Heyəti ilk öncə İran ilə ABŞ arasında mövcud olan gərgin siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparıb. Qeyd olunub ki, Yaxın Şərq regionunda təhlükəsizliyin və sabitliyin qorunması beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsindən asılıdır. Xüsusilə Hormuz boğazı ilə bağlı yaranmış məsələlərin beynəlxalq dəniz hüququ və mövcud beynəlxalq konvensiyalar əsasında həll edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun beynəlxalq hüquq normaları və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməsinin zəruriliyi qeyd olunub.
 
Toplantıda ötən həftə ABŞ Prezidenti D.Trampın Çin Xalq Respublikasına səfəri və həmin səfərdən sonra dünyanın yenidən ikiqütblü siyasi model üzrə formalaşması ilə bağlı səsləndirilən fikirlər də müzakirə edilib. İdarə Heyəti hesab edib ki, dünyanın ikiqütblü siyasi sistem əsasında idarə olunması beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından məqbul deyil. Qeyd edilib ki, müasir dünya çoxqütblü beynəlxalq münasibətlər sistemi əsasında inkişaf etməli, müxtəlif xalqların və sivilizasiyaların maraqları nəzərə alınmalıdır. Xüsusilə bir milyarddan artıq insanı təmsil edən İslam dünyasının maraqlarının da qlobal siyasi sistemdə layiqincə təmsil olunmasının vacibliyi vurğulanıb.
 
İdarə Heyəti Qazaxıstanda keçirilmiş Türk Dövlətləri Təşkilatının növbəti sammitində müzakirə olunan məsələləri və əldə olunmuş razılaşmaları müsbət qiymətləndirib. Bununla yanaşı qeyd edilib ki, hazırkı geosiyasi dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatının inkişaf tempi mövcud çağırışlara tam adekvat deyil. Bu baxımdan təşkilatın gələcəkdə daha yüksək inteqrasiya mərhələsinə keçərək Türk Dövlətləri Birliyinə çevrilməsi məqsədəuyğun hesab edilib. Bildirilib ki, yalnız belə bir birlik türk dövlətləri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da güclənməsinə xidmət edə bilər.
 
Toplantıda Rusiya ilə Ukrayna arasında davam edən müharibə və regionda yaranmış humanitar vəziyyət də geniş müzakirə edilib. Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər yaşayış məntəqələrinə həyata keçirdiyi raket hücumları nəticəsində mülki şəxslərin həlak olması və infrastrukturun dağıdılması təəssüflə qarşılanıb. Qeyd olunub ki, müharibənin davam etməsi həm region, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Son dövrlərdə Rusiya rəsmiləri tərəfindən Ukrayna ilə danışıqlara hazır olduqları ilə bağlı verilən bəyanatlar da müzakirə edilmiş və Avropa dövlətləri ilə beynəlxalq təşkilatların münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməsinin vacibliyi vurğulanıb.
 
İdarə Heyəti Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində revanşist qüvvələrin səsləndirdiyi bəyanatlar ətrafında da müzakirələr aparıb. Bildirilib ki, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən revanşist qüvvələrin hakimiyyətə gəlməsi region üçün yeni təhlükəsizlik təhdidləri yarada bilər. Ermənistan cəmiyyətinə həm öz dövlətlərinin, həm də regionun təhlükəsizliyi və gələcək maraqları naminə sülhə və sabitliyə üstünlük vermək çağırışı edilib. Eyni zamanda beynəlxalq təşkilatlar, Avropa və Qərb institutları Ermənistanda seçki prosesinə kənar müdaxilələrin qarşısının alınması və demokratik mühitin qorunması istiqamətində fəal mövqe tutmağa çağırılıb.
 
Toplantıda bəzi Rusiya rəsmi media orqanları və siyasi dairələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təhrif edən açıqlamaların verilməsi, həmçinin Ermənistandakı revanşist qüvvələrin müəyyən dairələr tərəfindən dəstəklənməsi qətiyyətlə pislənilib. Bu addımlar regionda sülh prosesinə zərbə vuran təxribat xarakterli davranış kimi qiymətləndirilib. Qeyd edilib ki, bu cür yanaşmalar Rusiyanın Cənubi Qafqazda uzun illər həyata keçirdiyi imperialist siyasəti davam etdirmək niyyətindən xəbər verir və Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin prinsiplərinə ziddir.
 
İdarə Heyəti ölkədə son günlər intensiv yağışlar nəticəsində yaranmış subasma hallarını və vətəndaşlara dəyən maddi ziyan məsələsini də müzakirə edib. Bildirilib ki, zərər çəkmiş vətəndaşlara dövlət tərəfindən təzminat və kompensasiyalar ödənilməlidir. Eyni zamanda qeyd olunub ki, son onilliklər ərzində su və kanalizasiya təsərrüfatına milyardlarla manat vəsait ayrılmasına baxmayaraq, bu sahədə ciddi problemlər qalmaqdadır. Bu baxımdan aidiyyəti dövlət qurumlarına ayrılmış vəsaitlərin məqsədyönlü və şəffaf xərclənməsinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması təklif edilib. Yeni şəhərsalma və yol infrastrukturu layihələrində təhlükəsizlik, keyfiyyət və şəffaflıq prinsiplərinə ciddi əməl olunmasının vacibliyi də vurğulanıb.
 
Toplantıda ölkədə keçirilən beynəlxalq tədbirlər, xüsusilə hal-hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı məsələlər də müzakirə edilib. Qeyd olunub ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi ölkənin beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşısa da, onların təşkili zamanı dövlət büdcəsindən ayrılan vəsaitlər barədə ictimaiyyətə açıq məlumat verilməli, maliyyə şəffaflığı və ictimai hesabatlılıq təmin olunmalıdır. Bildirilib ki, beynəlxalq tədbirlərin keçirilməsi dövlət büdcəsi üçün ciddi maliyyə yükü yaradır və bu səbəbdən ayrılmış vəsaitlərin səmərəli istifadəsi üzərində ictimai nəzarət gücləndirilməlidir.
 
İdarə Heyəti həmçinin ADP Ali Məclisinin üzvü, “Hürriyyət” qəzetinin və eyniadlı internet televiziyasının baş redaktoru Vüqar Məmmədovun məhkəmə prosesi ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd olunub ki, bu gün səhər saat 10:00-a təyin edilmiş məhkəmə iclası vəkilin iştirak etməməsi əsas gətirilərək 10 iyun tarixinə təxirə salınıb. İdarə Heyəti bu cür halların məhkəmə prosesinin süni şəkildə uzadılması ilə bağlı ciddi narahatlıq yaratdığını bildirib və məhkəmə proseslərinin qanunvericiliyin tələblərinə uyğun, şəffaf və ləngidilmədən keçirilməsinin vacibliyini vurğulayıb.
Seçilən
16
2
moderator.az

3Mənbələr