AZ

Qlobal fəlakət anonsu-İran müharibəsi və Hörmüzün bağlanması neft ehtiyatlarını bitirdi

Yaxın Şərqdə alovlanan İran müharibəsi və Hörmüz boğazının rəsmən bağlanmasından sonra qlobal miqyasda dəhşətli yanacaq və enerji böhranı başlayıb.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı təcili məlumata görə, Beynəlxalq Enerji Agentliyinin (MƏA) icraçı direktoru Fatih Birol dünya bazarlarını sarsıdacaq xəbərdarlıqla çıxış edib.

Parisdə keçirilən "G7" ölkələrinin maliyyə nazirlərinin sammitində çıxış edən Birol, dünyadakı kommersiya neft ehtiyatlarının fəlakətli bir sürətlə tükəndiyini və bəşəriyyətin əlində cəmi bir neçə həftəlik neft qaldığını elan edib. Agentlik rəhbəri bildirib ki, böhranın qarşısını almaq üçün strateji neft rezervlərinin bazara buraxılması hər gün qlobal şəbəkəyə 2,5 milyon barrel əlavə xammal qazandırsa da, bu resurslar əsla sonsuz deyil və problemi kökündən həll etmir.

Vəziyyəti daha da qorxulu edən məqam isə qarşıdan gələn mövsümi amillərdir. Birolun sözlərinə görə, şimal yarımkürəsində yazlıq əkin-biçin mövsümünün və yay nəqliyyat dövrünün başlaması ilə dizel yanacağı, gübrə, aviasiya kerosini və benzinə olan qlobal tələbat kəskin şəkildə artacaq və bu da qalan neft ehtiyatlarının daha sürətlə sıfırlanmasına gətirib çıxaracaq.

Beynəlxalq iqtisadi ekspertlər bu çıxışı yaxın günlərdə dünyada yanacaqdoldurma məntəqələrinin bağlanması, qlobal nəqliyyatın iflic olması və ərzaq qıtlığının yaranması barədə verilmiş ən ciddi rəsmi siqnal kimi qiymətləndirirlər. Hazırda supergüclərin bu misilsiz qlobal enerji böhranından çıxmaq üçün hansı təcili addımları atacağı və dünya birjalarında neftin qiymətinin hara qədər yüksələcəyi böyük həyəcanla gözlənilir.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr