AZ

Liviya Prezident Şurasının Sədri: Urban problemlərin həlli beynəlxalq tərəfdaşlığın gücləndirilməsini tələb edir

Urban problemlərin həlli beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.

“Builki forumun mövzusu “Dünyanın mənzillə təmin olunması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Bu, sadəcə, beynəlxalq tədbirin adı deyil. Bu, şəhərlərin gələcəyinə yenidən baxılması və insanların təhlükəsiz, ləyaqətli və dayanıqlı mənzil hüququnun təmin olunması üçün qlobal çağırışdır. Bu gün dünya milyardlarla insanı əhatə edən, sosial bərabərsizliyi dərinləşdirən mənzil böhranı ilə üz-üzədir. İqlim dəyişikliyi, sürətli urbanizasiya, miqrasiya və məcburi köçkün prosesləri bu problemləri daha da ağırlaşdırır. Nəticədə mənzil məsələsi artıq dar çərçivəli problem deyil, sabitliyin, inkişafın və ictimai təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib. Liviyada biz daha dayanıqlı, inklüziv şəhərlərin qurulmasının vacibliyini tam şəkildə anlayırıq. Biz balanslaşdırılmış urban inkişaf siyasətinin dəstəklənməsi, dayanıqlı şəhərsalma planlaşdırılması, infrastruktur və əsas xidmətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstəririk. Bununla yanaşı, yerli idarəetmə orqanlarının gücləndirilməsinə, bərpa və yenidənqurma proseslərinə və milli kimliyi qoruyan, müasir inkişaf tələblərinə cavab verən urban icmaların yaradılmasına xüsusi diqqət yetiririk. Urban problemlərin həlli beynəlxalq əməkdaşlığın gücləndirilməsini, bilik və texnologiya transferini, inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyə mexanizmlərinin təmin edilməsini tələb edir. Bu yanaşma Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin daha ədalətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Son illərdə ölkənin şimalında, cənubunda və şərqində, xüsusilə daşqınlardan sonra şəhərlərdə, eləcə də qərb bölgələrində müharibələrdən sonra baş verən böyük dəyişikliklərin şahidi olmuşuq. Bu inkişaf ölkədəki sabitliyin nəticəsidir. Bu tribunadan Liviya təhlükəsiz, dayanıqlı və dəyişən iqlim və iqtisadi böhranlara uyğunlaşa bilən şəhərlərin qurulmasına yönəlmiş bütün beynəlxalq səyləri tam dəstəklədiyini bir daha bəyan edir”, - Məhəmməd Yunis Əl-Mənfi qeyd edib.

Liviya Dövləti Prezident Şurasının Sədri qeyd edib ki, Liviyada qədim dövrlərdən bu günə qədər uzanan zəngin memarlıq tarixini görmək mümkündür: “Bu gün isə biz yeni və müasir tikililərin yüksəldiyinin şahidi oluruq. Sonda, bu mühüm qlobal forumun təşkilinə görə Azərbaycan Respublikasına və UN-Habitata bir daha təşəkkürümüzü bildiririk. Ümid edirik ki, forumun nəticələri daha ədalətli, dayanıqlı və firavan gələcəyə doğru praktik addım olacaq və bilik, texnologiya transferi və təcrübə mübadiləsinə ən yüksək səviyyədə önəm veriləcək”, - Məhəmməd Yunis Əl-Mənfi bildirib.

Seçilən
30
apa.az

1Mənbələr