Tovuzda “Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda tədbir keçirilmişdir.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov diqqətə çatdırmışdır ki, şəhərsalma və memarlıq sahəsi dövlətimizin inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi həmin sahəyə göstərilən yüksək diqqət və qayğının nümunəsidir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun rəhbərliyi dövründə şəhərlərin planlı inkişafı, yaşayış massivlərinin salınması, sosial və inzibati obyektlərin tikintisi istiqamətində mühüm işlər görülmüş, şəhərsalma dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün həmin strateji xətt uğurla davam edir, ölkəmizdə, eləcə də Tovuzda abadlıq-quruculuq işləri, o cümlədən yolların yenidən qurulması, sosial obyektlərin inşası və yaşayış məntəqələrinin müasirləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir”.
Sonra rayon icra hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Binnətov, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, 26 saylı Yol İstismar İdarəsinin istehsalat üzrə mühəndisi Paşa Müzəffərli, Mahir Ələkbərov adına Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin tarix müəllimi Kəmalə Həsənova və rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Müsaməddin Axundov çıxış etmişlər.
Tədbirin sonunda “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda videoçarx nümayiş olunmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”