AZ

Azərbaycan-Qazaxıstan münasibətləri: “Strateji əhəmiyyət daşıyır”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ikitərəfli münasibətlər yüksək səviyyədə olduqda çoxtərəfli münasibətlər də yüksək inkişaf tempinə malik olur: 


“Azərbaycan dövlətinin Mərkəzi Asiya ölkələri ilə əlaqələri çox sürətlə inkişaf etməkdədir. Bu xüsusda Azərbaycan-Qazaxıstan münasibətləri xüsusi önəm kəsb edir. Təkcə bircə faktı söyləyək ki, cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına 5 ildə 8 dəfə səfəri olub. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev isə bu müddət ərzində Azərbaycana 6 dəfə səfər edib.

Bu səfərlər çərçivəsində əlaqələrimizin yüksək inkişafını müəyyən edən çoxsaylı sənədlər imzalanıb. Bunların içərisində 4 il əvvəl, 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik sənədi münasibətlərimizin ən yüksək səviyyəsini müəyyən edir. Həmin sənəd Bakı-Astana əlaqələrin inkişafı üçün yol xəritəsi kimi də qiymətləndirilə bilər”.

Deputat qeyd edib ki, Qazaxıstan da Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə də böyük töhfələr verir:
“Bu məsələ bizim üçün strateji əhəmiyyət kəsb edir. Artıq Qarabağ və Şərqi Zəngəzur infrastruktur və şəhər və kəndlərinin bərpa edilməsi prosesinə 14,7 milyard dollar vəsait xərclənib. Bu rəqəmin 2028-ci ilə qədər 18 milyard dollara çatdırılması planlaşdırılır. Qazaxıstan da bu işə töhfələr verir. Füzuli şəhərində Qazaxıstan kapitalı hesabına tikilməkdə olan, bizim dostluğumuzun və qardaşlığımızın bir nümunəsidir. 

Eyni zamanda, bizim münasibətlərimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində də sürətlə inkişaf edir. Keçən ilin oktyabr ayında təşkilatın Qəbələ sammiti oldu və həmin sammitdə Qazaxıstan Prezidenti cənab Tokayev də iştirak edirdi. Bir neçə gün öncə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş çərçivəsində də Türküstan bəyannaməsi qəbul edildi. Hansı ki, o da təşkilatın bundan sonrakı inkişafı üçün bir yol xəritəsi kimi dəyərləndirilə və ikitərəfli münasibətlərimizin və çoxtərəfli münasibətlərimizin bir göstəricisi kimi də qiymətləndirilə bilər”.

Millət vəkili vurğulayıb ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvü olaraq da çox böyük potensiala malikdir:
“Bu ölkənin təkcə neft ehtiyatları 30 milyard barrel səviyyəsində ölçülür və təxminən 80 milyard dollarlıq ümumi daxili məhsula malikdir. Bu göstəricilər bir daha təsdiqləyir ki, Qazaxıstan Mərkəzi Asiya regionunda da böyük dövlətdir, güclü potensialı var və onun Türk Dövlətləri Təşkilatının qarşısına qoyulan vəzifələrin icra edilməsində də potensialından istifadənin əhəmiyyəti kifayət qədər çoxdur. İki qardaş dövlətlərin münasibətləri bu gündə də dinamik inkişaf tempinə malikdir”.

Elman Nəsirov onu da əlavə edib ki, hazırda Azərbaycan paytaxtı növbəti mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir: 
“Söhbət BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Qazaxıstan dövləti də bu sessiyada yüksək səviyyədə təmsil olunur. Dünyanın 182 dövlətindən 40 mindən çox insanın iştirak etdiyi bu tədbirdə Qazaxıstanın təmsilçiliyi bizim və bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksək səviyyəli dialoqu da təşkil ediləcəkdir ki, burada da Azərbaycan və Qazaxıstan əsas tərəfdaşlardan biri kimi çıxış edəcək”.

Elmir Mustafa

Seçilən
2
hit.az

1Mənbələr