Yaxın aylarda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi"ndə işlər yekunlaşacaq.
"Far.Az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində quraşdırılan Türkiyə pavilyonunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ zəfərindən sonra modern dünya tarixində bir çox ölkənin daha əvvəl üzləşmədiyi miqyasda çağırışla qarşı-qarşıya qaldı
"Azad olunmuş ərazilərdə 900-dən çox yaşayış məntəqəsinin bərpası tələb olunurdu. Meşə fondu əraziləri də bərpa olunmalı idi. Bütün bu çağırışlara cavab olaraq Azərbaycanda genişmiqyaslı reabilitasiya və bərpa tədbirləri planlaşdırıldı. Bu, çoxillik tədbirlər planı idi. Qarabağda şəhər və kəndlərin yenidən qurulması, təbiətin bərpası, ekosistemin yenilənməsi, dağıdılmış tikililərin bərpası və ümumilikdə həyatın yenidən canlandırılması bu investisiyaların əsas məqsədləri olub".