AZ

Magistratura imtahanı təxirə salınmalı idi DİM ə ETİRAZ

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən keçirilən magistratura imtahanından sonra sosial şəbəkələrdə yağışlı hava şəraiti və WUF13 tədbiri səbəbindən yaranan nəqliyyat sıxlığı ilə bağlı narazılıqlar artıb. Bir çox namizəd imtahana gecikdiyini, stres yaşadığını və bunun nəticələrə təsir etdiyini bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, Dövlət İmtahan Mərkəzinin atmalı olduğu ən doğru addım imtahanların təxirə salınması idi:

“Düşünürəm ki, dünənki magistratura imtahanlarında Dövlət İmtahan Mərkəzinin etməli olduğu ən yaxşı iş imtahanların təxirə salınması olardı. Çoxları deyir ki, imtahan saatları dəyişdirilə bilərdi. Amma düşünmürəm ki, saatların bir qədər irəli və ya geri çəkilməsi problemi həll edərdi. Fors-major hava şəraiti və ölkədə keçirilən beynəlxalq tədbir yol-nəqliyyat sistemində ciddi sıxlıq yaratmışdı”.

O bildirib ki, minlərlə bakalavrın imtahana gecikməsi və yaşadığı təşviş nəticələrə təsirsiz ötüşə bilməz:

“Belə bir vəziyyətdə minlərlə bakalavrın imtahana gecikməsi, onların yaşadığı təşviş imtahan nəticələrində mütləq şəkildə özünü göstərəcəkdi. Yağışlı hava şəraitinin yaratdığı başqa problemlər də vardı. İnsanlar 3,5 saat ayaqları su içində imtahan verirdi. Belə şəraitdə yüksək nəticə gözləmək çox çətindir”.

Elmin Nuri qeyd edib ki, bəzi şəxslər hava şəraiti səbəbindən ümumiyyətlə imtahanda iştirak edə bilməyib:

“Şəxsən tanıdığım insanlar vardı ki, hava şəraitinə görə ümumiyyətlə imtahan verməkdən vaz keçdilər. Elə şəxslər oldu ki, imtahana gedərkən dizə qədər suyun içində qaldıqları üçün son anda geri döndülər”.

Təhsil tədqiqatçısı hesab edir ki, yaranmış vəziyyət namizədlərdə ciddi psixoloji gərginlik yaradıb və bu amil nəticələrə birbaşa təsir göstərə bilər:

“Bu, çox ciddi stress və təşviş yaradır. İmtahanlar ümumiyyətlə təxirə salınmalı idi və fors-major vəziyyət başqa tarixdə kompensasiya edilməli idi. Düşünürəm ki, atıla biləcək ən doğru addım bu olardı. Hətta indi də gec deyil. İmtahanların yenidən keçirilməsi ilə bağlı addım atıla bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
modern.az

1Mənbələr