
Alimlər müəyyən ediblər ki, insan qarşısındakı şəxsi bağışladıqda, yaşadığı pis hadisələrin detalları zamanla daha tez unudula bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Psychological Science” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Araşdırmada iştirakçılara xəyanət, böhtan və oğurluq kimi halları əks etdirən 40 müxtəlif ssenari təqdim olunub. Daha sonra onlardan həmin vəziyyətdə qarşı tərəfi bağışlayıb-bağışlamayacaqları soruşulub.
1-2 həftə sonra iştirakçılar yenidən testə cəlb olunublar. Bu mərhələdə alimlər onların hansı hadisələri daha asan unutduğunu müəyyən etməyə çalışıblar.
Nəticələr göstərib ki, insanlar bağışladıqları hadisələri daha tez unudublar. Onlar həmin hadisələrin detalları barədə düşünməməkdə daha az çətinlik çəkiblər.
Bağışlamadıqları hadisələr isə iştirakçıların yaddaşında daha uzun müddət qalıb. Hətta unutmağa çalışsalar belə, bu hadisələri zehnlərindən silmək onlar üçün çətin olub.