Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Elxan Şahinoğlu: “Müharibə yeni və daha təhlükəli mərhələyə keçir”
Ukrayna ordusunun Moskva bölgəsinə genişmiqyaslı hücumu və Ukrayna Prezidenti Volodimir Zelenskinin “500 kilometrdən çox məsafədə əməliyyat” açıqlaması müharibənin gedişində yeni mərhələnin başladığı ilə bağlı müzakirələri artırıb.
Kiyev bir tərəfdən Rusiyanın dərinliklərində yerləşən hədəfləri vurmaq imkanlarını nümayiş etdirir, digər tərəfdən isə mümkün sülh danışıqlarında Avropanın daha fəal iştirak etməsinin vacibliyini gündəmə gətirir. Zelenski bildirib ki, Avropa Ukrayna-Rusiya danışıqlarında güclü səslə təmsil olunmalı və bu prosesdə kimin Avropanı təmsil edəcəyi müəyyənləşdirilməlidir. Ekspertlərin fikrincə, həm Moskvaya yönələn intensiv hücumlar, həm də Avropaya edilən bu çağırış Kiyevin hərbi və diplomatik müstəvidə paralel strategiya həyata keçirdiyini göstərir.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, hazırkı şəraitdə Ukrayna ilə Rusiya arasında real sülh danışıqlarının başlanması inandırıcı görünmür. Onun sözlərinə görə, tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər qalmaqdadır və xüsusilə Kremlin irəli sürdüyü şərtlər danışıqlar perspektivini daha da zəiflədir: 
“Vladimir Putinin Ukrayna Prezidenti Volodimi Zelenskidən Moskvaya gəlib saziş imzalamasını tələb etməsi əslində kapitulyasiya tələbindən başqa bir şey deyil. Putin faktiki olaraq Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsini istəyir. Ukrayna niyə kapitulyasiyaya getməlidir? Əksinə, Ukrayna ordusu müqavimət imkanlarını artırıb, müəyyən istiqamətlərdə rus ordusunu geri sıxışdırıb və artıq Rusiyanın dərinliklərində yerləşən hədəfləri vurmaq imkanına malik olduğunu nümayiş etdirir. Xüsusən də son günlər Moskva bölgəsinə endirilən genişmiqyaslı hücumlar müharibənin yeni mərhələyə keçdiyini göstərir. Rusiyanın ən güclü hava hücumundan müdafiə sistemlərinin məhz paytaxt və ətrafında yerləşməsinə baxmayaraq, Ukraynanın dron və raket zərbələrinin qarşısını tam almaq mümkün olmur. Bu vəziyyət Kremlin təhlükəsizlik imicinə ciddi zərbə vurur. Moskva uzun müddət toxunulmaz və yüksək səviyyədə qorunan şəhər kimi təqdim edilirdi. İndi isə Ukrayna göstərir ki, müharibə artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır”.
Politoloq hesab edir ki, Zelenskinin “500 kilometrdən çox məsafədə əməliyyat” mesajı Ukraynanın uzaqmənzilli hərbi imkanlarının genişləndiyini nümayiş etdirir və bu, beynəlxalq ictimaiyyətə də ciddi siqnaldır. Onun sözlərinə görə, Rusiyanın arxa cəbhəsinin təhlükəsizliyi ilə bağlı formalaşmış təsəvvür artıq zəifləməyə başlayıb:
“Qarşıdakı dövrdə tərəflər arasında hərbi eskalasiyanın daha da dərinləşməsi ehtimalı yüksəkdir. Ukraynanın Moskvaya yönəlmiş intensiv hücumları Rusiyanın cavab zərbələrini artırmasına səbəb ola bilər və bu da müharibənin daha sərt mərhələyə keçməsi riskini yüksəldir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.