AZ

Energetik içkilər azyaşlılara hələ də satılır Marketlər qanun tanımır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə vurğulanır ki, son dövrlər energetik içkilərin istehlakı, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artıb və bu, uşaqların sağlamlığı üçün ciddi risk yaradır:

"Mövcud qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir".

Qeyd edək ki, mütəxəssislərin fikrincə, enerji içkiləri  təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. 22 yaşdan aşağı olanlar bu içkiləri ümumiyyətlə, içməməlidirlər. Enerjili içkilər və siqaret D vitamininin mənimsənilməsinin də qarşısını alır.

Ancaq bu bir faktdır ki, hazırda yetkinlik yaşına çatmayan şəxslər istənilən marketdən rahatlıqla energetik içkiləri alır və  istehlak edir. Həmin içkilərin satıldığı heç bir market və ya köşkdə satıcılar yetkinlik yaşına çatmayanların məhsulu almasına etiraz etmirlər. 

Qanunvericilikdə nəzərdə tutulduğu halda niyə bu gün yetkinlik yaşına çatmayanlara energetik içkilərin satışı davam edir?  

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bu sahədə problemin olduğunu bildirib:

"Təəssüflər olsun ki, "Reklam haqqında" Qanunda malın özü reklam vasitəsi hesab edilmir və bu, absurddur. Əslində malın özü ən canlı reklam vasitəsidir. Bu, qanunvericilikdəki boşluqdan və ya bilərəkdən həmin boşluqdan istifadə edən tütün məmulatları satıcılarıın yaratdığı problemdən irəli gəlir. Bu gün onlar Azərbaycanı dünyanın çox az ölkələrdən birinə çeviriblər ki, supermarketlərə daxil olduqda vətəndaşı məhz tütün məmulatları qarşılayır. Bildirirlər ki, "reklam deyil, malın özüdür"".

Eyyub Hüseynov qanunvericilikdə mövcud olan bu boşluğa qəti etirazını bildirir:

"Çünki malın özü ən ciddi reklam vasitəsidir. Xalq arasında bir məsəl var, “yaxşı mal özü-özünü reklam edər". Qanunvericilikdəki bu səhvdən istifadə edirlər. Təəssüf ki, yaşından asılı olmayaraq tütün və energetik içkilər hər yerdə satılır.

Məsələn, yarışlarda "Red Bull"un çox aqressiv reklamı gedir. Bugünlərdə paytaxtda keçirilən bir yarışda yenə həmin içkinin reklamı aparıldı və mən öz etirazımı bildirdim. Mən xüsusilə idman yarışlarında energetik içkilərin qadağan olunmasının tərəfdarıyam. Çox yaxşı haldır ki, AQTA Azərbaycanda istehsal olunan energetik içkilərin tərkibində alsılılıq yaradan maddələrin minimal miqdarını müəyyən edib.

Yerli istehsal bu ölçüyə əməl edir. Lakin bununla yanaşı vətəndaşlar bilməlidir ki, "Red Bull"un və digər energetik içkilərin üzərindəki məlumatlandırıcı mətndə özləri yazırlar ki, "xəstələrə, hamilə qadınlara, uşaqların qəbul etməsi qadağandır".

Burada məntiq varmı ki, xəstəyə zərərli bir içki sağlam insana xeyirli olsun? Ancaq bazar iqtisadiyyatıdır. Tələb varsa, təklif olacaq. Energetik içkilərin Azərbaycan bazarında insanlara təsirinin taleyi tütün məmulatlarının təsiri kimidir. Bir neçə dəfə o sahədə qanunda dəyişiklik olunub, sərtləşdirilib.

Ancaq biz yenə də tütün məmulatlarının tək-tək satışının şahidi oluruq. Sağlamlıq müəssisələri, məktəblərin yaxınlığında satışını müşahidə edirik. ADRA-nın apardığı iş zəruridir, ancaq kafi deyil. Adıçəkilən təşkilat müvafiq qanuna baxsın və buradakı mənfi amilləri yığışdırmalıdır. Eyni zamanda bununla bağlı qanunverici orqan da bilməlidir ki, malın özü reklamdır. Bu baxımdan qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır".

Nigar Abdullayeva

"Cebheinfo.az"

 

Açar sözlər:

energetik içkilər Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr