Mayın 4-də Avropa Parlamenti altıncı Dafne Karuana Qaliziya adına Jurnalistika Mükafatına müraciətlərin qəbuluna başlayıb.
QHT.az xəbər verir ki, “Dafne Karuana Qaliziyanın vəhşicəsinə qətlə yetirilməsindən doqquz il keçsə də, bütün dünyada jurnalistlər hələ də qorxudulur, təhdid edilir və qətlə yetirilir. Avropa Parlamenti onların ədalət uğrunda mübarizəsində yanındadır”,— Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
Mükafat hər il adı çəkilən jurnalistin qətlə yetirildiyi gün – 16 oktyabr tarixi ərəfəsində təqdim olunur.
Bu mükafat hər il insan ləyaqəti, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi və insan hüquqları kimi Avropa İttifaqının fundamental prinsip və dəyərlərini təşviq edən və ya müdafiə edən jurnalist fəaliyyətinə görə verilir.
Müsabiqədə milliyyətindən asılı olmayaraq, Aİ-nin 27 üzv ölkəsindən birində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində dərc edilmiş və ya yayımlanmış hərtərəfli araşdırmaların müəllifləri olan peşəkar jurnalistlər və jurnalist qrupları iştirak edə bilərlər.
20 000 avro məbləğində olan mükafat 2026-cı ilin oktyabrında Avropa Parlamentinin Strasburqdakı binasında təqdim ediləcək.
Müraciət üçün son tarix 31 iyuldur.
2024 və 2025-ci illərdə bu mükafata itkin düşmüş azyaşlı miqrantlarla bağlı araşdırma (“Lost in Europe”) və “Follow the Money” tərəfindən koordinasiya edilən Rusiyanın “kölgə donanması” haqqında birgə araşdırma layiq görülüb.