"Bu gün Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə “açıq qapı” elan olunub və bu da muzeylərə və qoruqlara girişin ödənişsiz olduğunu bildirir".
Bu fikirləri "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib.
Aytən Həsənova bildirib ki, mədəni irsin qorunması və onun bu cür təşviqi yüksək qiymətləndirilməlidir. O əlavə edib ki, bu, həm ölkəmizdə mədəniyyətin təbliğinə, həm də turizm potensialının inkişafına mühüm dəstəkdir və eyni zamanda yerli əhalinin maariflənməsinə də böyük töhfə verir.
A.Həsənovanın sözlərinə görə, açıq qapı günlərinin olması xüsusilə əhəmiyyətlidir, çünki maddi səbəblərə görə muzeylərə tez-tez gedə bilməyən insanlar üçün bu, yaxşı bir fürsət yaradır. Sədr bildirib ki, belə günlərdə həm turistlərin, həm də yerli əhalinin muzey və qoruqlara axını xeyli artır.
A.Həsənova əlavə edib ki, Beynəlxalq Muzeylər Günü ərəfəsində WUF13 forumunun keçirilməsinin məhz bu günlərə təsadüf etməsi çox sevindirici haldır.
O sonda qeyd edib ki, forum üçün gələn qonaqlar da bu fürsətdən yararlanaraq ölkəmizin bütün muzey və qoruqlarına ödənişsiz şəkildə giriş edə biləcəklər.
Fatimə Nəbiyeva