AZ

“Bir çox din xadimləri hələ də Azərbaycan dinində danışmaqda çətinlik çəkir” İLAHİYYATÇI

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Məscidlərdə kitabxanaların olması və bu kitabxanaların zənginliyi barədə hər zaman təklif və təşəbbüslə çıxış etmişik. Hazırda bu kampaniya yüksək səviyyədə aidiyyəti qurum tərəfindən icra edilir”.

Gununsesi.info bildirir ki, bunu ilahiyyatçı Turan İrfan deyib:

“Kitabxanası olmayan məscid ya caduxana ya da nifaq yuvasıdır, demişik. Xüsusən məscidlərdə dünyəvi, bədii ədəbiyyatın olması zəruridir. Bir çox din xadimləri hələ də Azərbaycan dinində, qrammatik qaydalara uyğun danışmaqda çətinlik çəkir ya da danışmaq istəmir. Ərəb jarqonu, fars ləhcəsi ilə danışırlar. Qum mollalarını o dərəcədə təqlid edirlər ki, hətta danışanda da onlar kimi danışmağa çalışırlar. Amma anlamaq lazımdır ki, İranda Azərbaycan dilinin rəsmi tədrisi olmadığı üçün soydaşlarımızın danışığı yalnız əski ləhcə üzərindən yaşayır. Azərbaycan əsilli çalmalılar da bu cür, fars sözləri və izafələri ilə danışırlar. Bizimkilərin də bəzilərinin dini təhsildən öncə normal dünyəvi, hətta orta təhsil səviyyəsində dil bilgisi olmadığı üçün elə zənn edirlər ki, əgər İran mollası belə danışırsa demək elə danışmaq lazımdır. Yaxud ərəb ölkələrində lap Türkiyədə təhsil almış bəziləri ərəblər kimi tələsik, ərəbcə sözləri eynilə o dilin tələffüzünə uyğun ifadə edirlər, “fiqh”ə hələ də “fıkıh” deyənlər var. Bu, sovet dövründə əhalinin nitq zamanı çoxlu rus sözləri işlətməsini xatırladır. Çoxu da xaricdə təhsil aldığını, guya hamıdan savadlı olduğunu sübut etmək üçün bu yolu seçir”.

O qeyd edib ki, indi bəzilərinin məscid kitabxanalarına etirazı əslində anlaşılandır.

“Xarici təsirlərdən hələ çıxa bilməyənlər milliliyi qəbullana bilmir. Hələ məndən olsa Hadinin, Mirzə Cəlilin, Cavidin, Haqverdiyevin, Sabirin əsərlərini də qoymaq lazımdır.

Sağlam, milli düşüncədə olan din xadimi dünyəvi elmlərə də vaqif olmalıdır. Məscidə gələn ibadətkar mömin də maariflənməlidir.

Məsciddəki kitabxana sayəsində, bədii əsərlərin qiraəti zəminində xıtiblərin nitqi də tam milliləşə, zənginləşə bilər. Qoy beş ayə, üç hədis deyəndə bir misal da Tolstoydan, Dostoyevskidən çəksin. Təfəkkürü nağıllar aləmindən, miflər dünyasından arınsın, dini nağıl və rəvayətlərlə deyil, elmlə, məntiqlə uzlaşdırsın”.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr