ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında baş tutan görüş kameralar qarşısında mehriban və diplomatik atmosferdə keçsə də, pərdəarxası detallar fərqli müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Ağ Evdən yayılan məlumata görə, görüşdən sonra ABŞ nümayəndə heyəti Çin tərəfinin verdiyi bəzi əşyaları ehtiyat tədbiri kimi məhv edib. Bildirilir ki, jurnalistlərin akkreditasiya nişanları, Ağ Ev əməkdaşlarına məxsus birdəfəlik telefonlar və nümayəndə heyətinin bəzi tanıtım materialları təyyarəyə minilməzdən əvvəl atılıb. ABŞ tərəfinin bu addımı təhlükəsizlik narahatlıqları ilə əlaqələndirilib, xüsusilə bu tip əşyaların potensial izləmə və dinləmə qurğuları daşıya biləcəyi ehtimalı əsas gətirilib.
Bu hadisə beynəlxalq kəşfiyyat tarixində daha əvvəl baş vermiş oxşar insidentləri xatırladıb. Soyuq müharibə dövründə Sovet İttifaqının ABŞ diplomatik nümayəndələrinə təqdim etdiyi hədiyyələrdən birinin içərisində gizli dinləmə qurğusunun aşkar olunması və onun illərlə istifadə edilməsi kimi hadisələr bu kontekstdə yenidən gündəmə gəlib.
Son illərdə ABŞ ilə Çin arasında artan texnoloji rəqabət, kəşfiyyat ittihamları və qarşılıqlı etimadsızlıq fonunda bu cür hadisələr iki ölkə arasındakı münasibətlərin daha da gərginləşməsi kimi dəyərləndirilir.
Rusiya–ABŞ qarşıdurmasının yerini indi Çin–ABŞ rəqabəti alıb? Bu, yeni bir “soyuq müharibə” mərhələsinin başlanğıcıdır?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, bu hadisə iki ölkə münasibətlərinin hansı səviyyədə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur:
“Prinsipcə bu, protokol səviyyəsində həll oluna biləcək məsələ idi. ABŞ tərəfi əvvəlcədən bildirə bilərdi ki, hər hansı hədiyyə qəbul edilmir. Amma belə bir addım atılmadı və nəticədə boşluq yarandı.
Əlbəttə, bu boşluğun həlli daha sadə şəkildə də həyata keçirilə bilərdi. Həmin əşyalar başqa formada toplanıb məhv edilərdi, amma açıq şəkildə atılması daha çox diqqət çəkdi. Əslində bu, tərəflər arasında qarşılıqlı etimadın zəif olduğunu bir daha göstərir.
Sözügedən hadisə müəyyən mənada soyuq müharibə dövrünü xatırladır. Oxşar insidentlər o illərdə də baş verib. Çin ilə ABŞ arasında bu gərginliyin gələcəkdə daha da artması ehtimalı istisna deyil”.