Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ümumdünya Şəhərsalma Forumu World Urban Forum bu gün şəhərlərin gələcəyini müəyyən edən ən mühüm qlobal platformalardan biri kimi çıxış edir.
Bu forumda dünyanın müxtəlif ölkələri urbanizasiya, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf kimi ortaq problemlərə birlikdə həll yolları axtarır. Burada şəhər yalnız yaşayış məkanı deyil, həm də sosial ədalət, texnologiya və ekoloji balansın mərkəzi kimi dəyərləndirilir. Bakı kimi ev sahibi şəhərlər isə bu platforma vasitəsilə həm öz inkişaf modelini nümayiş etdirir, həm də qlobal təcrübəyə inteqrasiya olunur.
WUF şəhərlərin gələcəyini, sadəcə, müzakirə etmir, onu formalaşdıran əsas beynəlxalq gücə çevrilir.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun World Urban Forum Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizlə tanışlıq, Azərbaycanın inkişafı və tərəqqisi barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, təxminən 180 ölkədən 40 mindən çox iştirakçının qatıldığı bu forum şəhərsalmanın inkişafı üçün geniş perspektivlər açır.
Tahir Rzayevin fikrincə, Forumun Bakıda təşkili həm də Azərbaycana göstərilən ehtiramın və etimadın bariz nümunəsidir. Ölkədə mövcud olan ictimai-siyasi sabitlik, inkişaf, sülh və təhlükəsizlik mühiti dünya ölkələrinin diqqətini bir daha Azərbaycana yönəldir.
“Artıq forumun ikinci iş günüdür və bu gün də yüksək səviyyədə davam edir. Bunu müxtəlif ölkələrin rəhbərlərinin və siyasi xadimlərinin çıxışlarında səsləndirilən fikirlərdən də aydın görmək mümkündür. Bu platforma şəhərsalmanın sürətləndirilməsi və müasir şəhərlərin inkişafı baxımından yeni imkanlar yaradır”-deyən deputat bildirib ki, bu gün Azərbaycanda şəhərsalma istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Müasir memarlıq prinsipləri ilə yanaşı milli arxitekturaya uyğun şəhərlərin salınması, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yaşayış məntəqələrinin yaradılması ölkənin bu sahəyə xüsusi önəm verdiyini göstərir. Bu isə Azərbaycanda şəhərsalmanın inkişafına verilən diqqətin və həyata keçirilən işlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.