AZ

NASA zondu Marsda "ayaqla ölçmə" vərdişinə görə qəzaya uğrayıb

ABŞ-ın kosmik nailiyyətləri, xüsusilə SpaceX və Starlink kimi layihələr, geniş şəkildə yüksək qiymətləndirilir. Lakin bəzi hallarda köhnə ölçü sistemlərindən istifadə ciddi nəticələrə səbəb ola bilər...

Poliqon xəbər verir ki, IFL Science elmi nəşrinin yazdığına görə, bir NASA missiyası yalnız ölçü vahidləri qarışdırıldığı üçün uğursuzluqla nəticələnib.

1999-cu ildə NASA Marsın Yerlə ən yaxın olduğu "pəncərə"dən istifadə edərək Mars Climate Orbiter adlı zondu Qırmızı planetə göndərmişdi. Missiyanın məqsədi Marsın iqlimini öyrənmək idi.

Planlaşdırmaya görə, zond Mars orbitinə daxil olmalı və daha sonra atmosferin yuxarı qatlarında tədricən sürtünmə ilə yavaşlamalı idi. Lakin aparat planetə yaxınlaşdıqda gözlənilməz şəkildə çox aşağı trayektoriyaya düşüb və atmosfer sürtünməsi nəticəsində məhv olub.

Araşdırma nəticəsində məlum olub ki, qəzanın əsas səbəbi uçuş hesablamalarında ölçü vahidlərinin səhv istifadəsi olub.

NASA rəsmi olaraq Beynəlxalq Vahidlər Sistemindən (metrik sistem) istifadə edir. Lakin ABŞ-da gündəlik həyatda və bəzi sənaye sahələrində imperiya ölçü sistemi (fut, funt və s.) hələ də geniş yayılıb.

Məlumata görə, NASA-nın podratçısı olan "Lockheed Martin" tərəfindən hazırlanmış proqram təminatının bir hissəsində itələmə qüvvəsi metrik vahidlər əvəzinə imperiya vahidləri ilə hesablanıb. Nəticədə 4,45 dəfə fərq yaranıb və bu uyğunsuzluq zondu yanlış orbitə yönəldərək onun məhvinə səbəb olub.

Mütəxəssislərin fikrincə, bu hadisə elmi layihələrdə vahid ölçü sisteminin nə qədər kritik əhəmiyyət daşıdığını bir daha göstərib.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr