AZ

Trampın İranla müharibəsi fonunda ABŞ-də yanacaq xərcləri 40 milyard dollardan çox artıb

Yanacaq qiymətlərinin yüksəlməsi milyardlarla dollarlıq əlavə yük yaradıb və bu vəsait infrastruktur modernizasiyası üçün istifadə oluna bilərdi...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin yazdığına görə, Donald Trampın İranda müharibəyə başlamasından bəri ABŞ istehlakçıları yanacaq xərclərinə normadan əlavə olaraq 40 milyard dollardan çox vəsait ödəyiblər. Bu məbləğ ölkə üzrə körpülərin təmiri və ya hava hərəkətinin idarəetmə sisteminin modernləşdirilməsi kimi böyük infrastruktur layihələrinə yönəldilə bilərdi.

Böhranla bağlı hesablamalar Braun Universitetinin Uotson Beynəlxalq və İctimai İşlər Məktəbinin ekspertləri tərəfindən aparılıb. Onların qiymətləndirməsinə əsasən, benzin və dizel qiymətlərinin artması nəticəsində ABŞ istehlakçılarına dəyən ümumi zərər bazar günü axşam saatlarınadək 41,5 milyard dollar təşkil edib. Bu da orta hesabla hər bir Amerika ailəsi üçün 316 dollarlıq əlavə xərc deməkdir.

Məlumatda qeyd olunur ki, yanacaq xərclərindəki bu artım ABŞ federal hökumətinin iri körpülərin bərpasına yönəlmiş “Bridge Investment Program” adlı proqramının ümumi büdcəsini (40 milyard dollar) belə ötüb keçir. Eyni zamanda bu məbləğ ABŞ-də hava hərəkətinin idarəetmə sisteminin tam modernləşdirilməsi üçün lazım olan xərclərdən də yüksəkdir. Həmin layihənin dəyəri 31,5 milyard dollar olaraq qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, enerji bazarındakı dalğalanmalar təkcə iqtisadi deyil, həm də sosial baxımdan ABŞ əhalisi üçün ciddi əlavə yük yaradır və bu tendensiyanın davam etməsi genişmiqyaslı infrastruktur planlarının maliyyələşdirilməsinə təsir göstərə bilər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr