AZ

İlahiyyatçı: “Ev heyvanlarının kəsilməsi bəyənilmir”

Qurban bayramında uşaqların qurbanlıq heyvanın kəsimini görməsi illərdir, müzakirə olunan mövzulardandır. Bəzi şəxslər qurbanlıq heyvanı bayramdan öncə müəyyən müddət saxlayıb, qulluq edəndən sonra uşaqların gözü önündə kəsirlər. Bəzi ailələr bunu dini tərbiyənin bir hissəsi hesab etsə də, mütəxəssislər uşaqların yaşına və psixoloji hazırlığına diqqət çəkirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədin sözlərinə görə, ev heyvanlarının kəsilməsi məkruhdur.

 

O bildirib ki, həyətdə qoyun, quzu, toyuq və s. kimi ev heyvanı saxlanılırsa, bunların ev əhli tərəfindən kəsilməsi bəyənilmir: “İnsanın öz həyətində saxladığı heyvanı kəsməsi bəyənilmir və bunun uşağın yanında edilməsi lap pisdir. Uşaq böyük bir travma alır. Çünki  uşaq onu sevir və kəsilməsi yadından çıxmır, prosesi zülm kimi başa düşür. Ona görə İslam alimləri deyirlər ki, evinizdə saxladığınız həyət heyvanlarını kəsməyin. Kəsmək istəsəniz, başqasından alıb edin. Bu, mühüm məsələdir. Hətta neçə il təhsil alan insanlar belə bunu eşitmədiklərini deyirlər. Göstərirəm ki belə mənbələr var. Bu, psixoloji cəhətdən də yaxşı deyil. Həmçinin heyvanın özü sizdən həmişə şəfqət görüb, birdən-birə zülm görmüş kimi olur. Öz heyvanını başqasına sata bilər ki, başqa adam kəssin”.

 

İlahiyyatçı qeyd edib ki, müəyyən yaşlarda, müəyyən mövzuları uşaq üçün açmaq gərəklidir: “Məsələn, Allah heyvanları insanlar üçün yaradır, biz onları kəsib yeyirik və s. Bunu nəzəri olaraq başa salmaq lazımdır. Uşaqlara dini təlimlər 6-7 yaşdan başlayır. Ancaq məcburi xarakterli deyil. Yavaş-yavaş digər mövzular da izah olunur, dini təlimlər keçirilir. Tövsiyə olunur ki, uşaqlara 7-8 yaşdan öyrətməyə başlanılmalıdır ki, təbiətdə hər şey insan üçün, bəzi şeylər ibrət götürmək üçün yaradılıb və s. Nəzəri şəkildə uşaq artıq bilir ki, heyvanların südü, ətindən istifadə edə bilər. Heyvan hansı formada kəsilməlidir. Heyvanın üzü qibləyə doğru tutulub Allahın adı çəkildikdən sonra boğaz nahiyəsindən kəsilir. Bu zülm deyil, rəhmətdir. Yəni heyvan bunun üçün yaradılıb kimi nəzəri mövzular uşaqlara öncədən izah edilməlidir. Daha sonra vizual formada nümayiş etdirilə bilər. Həm foto, həm də uzaqdan video formatda yavaş-yavaş göstərilə bilər. İslamın qınadığı məsələ birdən-birə, qəfil başa salmaq, göstərməkdir. Bunu psixoloqlar da deyirlər. Qəfil dönmə, əyilmə kimi fiziki hərəkətlər də zərərdir.  Yəni bu qaydaları uşaqlara mərhələli formada izah etmək lazımdır. Məsələn, biri Qurban bayramında ətin bir hissəsi göstərilərək izah edilə bilər. Daha sonra artıq qurban kəsilmə mərasimini uzaqdan izlətmək olar. Nəzəri cəhətdən məlumatı olduqdan sonra uşaq rahat qarşılayır. Ümumilikdə 7-8 yaşdan başlayaraq məlumat verilməli, 12 yaşdan sonra uşaqları bu mərasimlərə buraxmaq olar”.

 

Şəhanə Quliyeva

Tarix: 18 May 2026, 11:46   
Seçilən
21
pravda.az

1Mənbələr