BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi təkcə tədbirə ev sahibliyi deyil.
Bu, Azərbaycanın son illərdə formalaşdırdığı siyasi nüfuzun, institusional imkanların və xüsusilə şəhərsalma sahəsində ortaya qoyduğu təcrübənin, postmüharibə dövründə aparılan quruculuq işlərinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.
Dünya urbanizasiya mərhələsinə daxil olub. Şəhərlərə axın sürətlə artır. Əhali artımı, iqlim dəyişiklikləri, məcburi köç, enerji təhlükəsizliyi və sosial bərabərsizlik şəhərlərin gələcəyini qlobal miqyasda müzakirə olunmalı əsas məsələyə çevirib.
Ona görə də şəhərsalmaya yalnız memarlıq və tikinti aspektindən baxmaq düzgün deyil. Müasir yanaşmada təhlükəsizlik, sosial rifah, iqtisadi dayanıqlıq, ekoloji tarazlıq və humanitar inkişaf kimi vacib komponentlər də nəzərə alınmalıdır.
BMT-nin məlumatlarına görə, dünya əhalisinin 50 faizindən çoxu hazırda şəhərlərdə yaşayır. 2050-ci ilə qədər isə bu göstəricinin təxminən üçdə ikiyə çatacağı gözlənilir.
Urbanizasiya prosesinin sürəti isə bir çox ölkələrdə planlaşdırılmış inkişaf imkanlarını üstələyir. Nəticədə infrastruktursuz yaşayış məntəqələri yaranır, sosial xidmətlərə çıxış çətinləşir, şəhərlərin idarə olunması daha mürəkkəb xarakter alır.
Məhz buna görə də Ümumdünya Şəhərsalma Forumuna sıradan bir tədbir kimi baxmaq mümkün deyil. Bu beynəlxalq platforma gələcəyin şəhərlərinin hansı prinsiplər üzərində qurulmasına cavab axtarmalıdır.
Eyni zamanda, urbanizasiya prinsiplərində hansı vacib detallar üzərində dayanılmalı olduğuna dair fikir mübadiləsi məkanı olmalıdır.
Maraq doğuran Azərbaycan təcrübəsi
Bütün bunları nəzərə alsaq, Azərbaycan ölkə olaraq problemləri nəzəri yox, praktik səviyyədə yaşayan və həll edən dövlətlərdən biridir.
Ümumdünya Şəhərsalma Forumunun 24 illik tarixində bu sessiya ilk dəfədir ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçirilir.
Bu fakt özlüyündə böyük əhəmiyyət daşıyır. Ona görə ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün platforma seçilərkən ölkənin institusional imkanları, siyasi sabitlik, logistika, təcrübə əsas götürülür.
Azərbaycan bütün kritreyalar üzrə beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli və geniş imkanlara malik olan ölkələrdən biri kimi özünü təsdiqləyib. İndiyə qədər Azərbaycanın ev sahibliyi ilə müxtəlif beynəlxalq tədbirlər keçirilib. Avropa Oyunları, “Formula1” yarışları, “Avroviziya”, İslam Həmrəyliyi Oyunları, 196 ölkənin iştirakı ilə COP29 iqlim konransına ev sahibliyi etməsi Azərbaycanın qlobal tədbirlərin keçirildiyi etibarlı platforma olmasının göstəricisidir.
WUF13 bu strategiyanın növbəti mərhələsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı dünyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevirib. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə tarixi-mədəni irsin və qədim memarlıq abidələrinin qorunması, bərpası, sosial, humanitar proqramların həyata keçirilməsi ölkənin şəhərsalma təcrübəsinə mühüm töhfə verib.
Bunlara diqqət yetirildikdə, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi təbii və məntiqi seçimdir.

Postmüharibə dövründə şəhərsalma
Otuz il ərzində Azərbaycan torpaqları dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların gözü qarşısında xarabalığa çevrilmişdi. Şəhərlər və kəndlər viran edilmiş, tarixi adidələr talan olunmuş və bütün infrastruktur dağıdılmışdı.
Lakin müharibədən sonra Azərbaycan öz imkanları hesabına bu ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başladı. Bu gün Qarabağ, Şərqi Zəngəzur regionu müasir tikinti və şəhərsalma meydanına çevrilib.
Azərbaycan müharibədəki qələbədən və öz torpaqlarını işğaldan azad etdikdən sonra ağıllı texnologiyaların, yaşıl enerjinin və mədəni irsin bərpasının vəhdəti ilə yeni inkişaf modeli formalaşdırır.

Dünya tarixində tamamilə dağıdılmış şəhərlərin sıfırdan, müasir urbanizasiya prinsipləri əsasında qurulması prosesi nadir hallarda rast gəlinən prosesdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan yalnız yeni binalarla köhnə şəhər infrastukturu yaratmır.
Orada “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, “yaşıl enerji” zonaları yaradılır, rəqəmsal idarəetmə sistemləri qurulur. Eyni zamanda, ekoloji balans qorunur, müasir nəqliyyat və kommunikasiya infrastrukturları yaradılır.
Məhz buna görə Qarabağ təcrübəsi beynəlxalq ekspertlər üçün praktik modeldir. Dünyanın müxtəlif regionlarında davam edən müharibələr fonunda sülh və sabitlik zamanı şəhərlərin necə bərpa olunacağı bu günün və gələcəyin aktual məsələlərindən biridir. Azərbaycan isə artıq bunun real modelini nümayiş etdirir. Bu səbəbdən Azərbaycan həm də təcrübəsinin öyrənilməsi vacib olan ölkədir.
Bakı: keçmişlə modernizmin harmoniyası
Onu da xüsusi qeyd etmək lazımdır ki, WUF13-ün keçirildiyi Bakı şəhəri özü belə dünya üçün bir nümunədir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhərin ecazkarlığı, daş divarları, dar küçələri, qədim memarlıq nümunələri müasir Bakının ultramodern silueti ilə ahəngdar bir vəhdət yaradır.

“Alov qüllələri” sanki İçərişəhərin üzərindən göyə yüksəlir. Bu, parodoksal mənzərə yox, keçmişlə gələcəyin vəhdəti, harmoniyasıdır. Ona görə də bu tədbirin iştirakçıları canlı şəkildə, təkcə şəhəri gəzməklə bu vəhdətin şahidi olmaq imkanına malikdirlər.
Gələcək şəhərlər:Azərbaycanın dayanıqlı urbanizasiya praktikası
Bugünkü Azərbaycanın formalaşdırdığı standartlar dünya şəhərsalma tarixi üçün bir təcrübə və ya mühüm istiqamətlərdən biri hesab oluna bilər. Çünki Azərbaycanda şəhərlər salınarkən və ya infrastruktur qurularkən, sadəcə əvvəlki vəziyyət bərpa edilmir, həm də gələcəyin şəhərləri qurulur.
Dünya praktikasında müharibədən sonra bir çox ölkələr dağıdılmış şəhərləri yalnız fiziki baxımdan bərpa etməyə çalışır. Azərbaycan isə sosial qayıdış, iqtisadi aktivlik və ekoloji dayanıqlılığı bir sistem daxilində birləşdirir, dayanıqlı urbanizasiya praktikası tətbiq edilir.
Sessiyanın yekununda imzalanacaq “Bakı Fəaliyyət Çağırışı” (“Baku Call to Action”) sənədi gələcək on illik qlobal şəhərsalma siyasətinin prioritetlərini müəyyənləşdirəcək. Azərbaycanla UN-Habitat arasında imzalanmış niyyət məktubu da irəliyə hesablanmış mühüm çərçivə sənədi hesab olunur.
Qeyd edək ki, BMT-nin iki böyük tədbirinin - COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı şəhərsalma bir-birini tamamlayan proseslərdir.
Odur ki, Bakı forumu sadəcə beynəlxalq tədbir yox, dünyanı yeni çağırışlara hazırlamaq üçün mühüm bir prosesdir.
