AZ

UN-Habitat: WUF13-də səslənən əsas mesajlar “Bakı Fəaliyyət Çağırışı”nın hazırlanmasında nəzərə alınacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyalarda səsləndirilən əsas çağırışlar “Bakı Fəaliyyət Çağırışı” sənədinin hazırlanması üçün məsləhətçi qrupa təqdim olunacaq.

APA-Economics” xəbər verir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave forumun birinci gününün yekun sessiyasında bildirib.

Onun sözlərinə görə, assambleyaların yekunları və əsas tezisləri UN-Habitat tərəfindən birbaşa maraqlı tərəflərin rəhbərlik etdiyi məsləhətçi qrupa ötürüləcək.

“Bu, həlledici əhəmiyyət daşıyır. “Bakı Fəaliyyət Çağırışı” sənədinin ilkin layihəsi artıq UN-Habitat-ın saytında yerləşdirilib və iştirakçılar öz rəy və təkliflərini təqdim edə bilərlər”, – deyə Anna Soave qeyd edib.

O vurğulayıb ki, forum çərçivəsində keçirilən assambleyalar aylarla davam edən müzakirə və məsləhətləşmələrin nəticəsi olub və WUF13 üçün yüksək gözləntilər formalaşdırıb.

UN-Habitat rəsmisinin sözlərinə görə, şəhərlər urbanizasiya və iqlim çağırışlarının ön xəttində yerləşir və bu problemlərin həlli üçün yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəflər arasında daha güclü tərəfdaşlıqlar qurulmalıdır.

Anna Soave əlavə edib ki, şəhərlərin demoqrafik strukturu fərqlidir: “Bəzi şəhərlərdə əhali qocaldığı halda, digərlərində gənclərin payı üstünlük təşkil edir. Bu isə infrastruktur və xidmətlərə fərqli yanaşmalar tələb edir. Bütün şəhərlər üçün eyni həll yolu mövcud deyil. Bizə müxtəlif idarəetmə modelləri və urban həllər toplusu lazımdır”.

Seçilən
12
1
apa.az

2Mənbələr