AZ

"Azərbaycan xalqı ailə dəyərlərinə bağlılığı ilə seçilən xalqlardandır" - Esmira Rəhimova

"15 mayın Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar 1993-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Bu günün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini ailələrin qarşılaşdığı çoxsaylı problemlərə yönəltmək olmuşdur. Həmin vaxtdan etibarən Beynəlxalq Ailə Günü dünyanın müxtəlif ölkələrində qeyd edilir".

Bu sözləri  "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirirb.

Esmira Rəhimova bildirib ki, ailə cəmiyyətin formalaşmasında mühüm rol oynayan əsas institutdur: Ailə cəmiyyətin əsas institutlarından biri, insanın sosiallaşması prosesində ilk pillədir. O, ətraf dünya ilə birlikdə dəyişir, inkişaf edir və eyni zamanda cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Sübut olunmuşdur ki, ailə hər bir dövlətdə sabitlik və inkişafın əsas amillərindən biridir. Təsadüfi deyil ki, xalq arasında “Ailə kiçik dövlətdir” deyimi formalaşmışdır. Ailənin də öz qanunları, adət-ənənələri, yaşam tərzi və daxili mühiti vardır.

Sədr vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu ailə dəyərlərinə sadiq qalıb: Azərbaycan xalqı ailə dəyərlərinə bağlılığı ilə seçilən xalqlardandır. Tarix boyu xalqımız öz məişət və mədəniyyət ənənələrini qoruyub yaşatmışdır. Müasir dövrdə müəyyən yeniliklər meydana çıxsa da, milli ailə dəyərləri hələ də öz əhəmiyyətini qoruyur. Bununla belə, qloballaşmanın təsiri nəticəsində bəzi ənənəvi dəyərlərdən uzaqlaşma halları müşahidə olunur. Valideyn sözünə laqeyd münasibət, ailədaxili münasibətlərdə anlaşılmazlıqlar və boşanmaların artması bu problemlər sırasında göstərilə bilər.

E.Rəhimovanın fikrincə, yeni texnologiyalar ailə münasibətlərinə həm müsbət, həm də mənfi təsir göstərir: Bu gün uşaqlar ailədə bir cür, məktəbdə və küçədə isə başqa cür tərbiyə alırlar. Eyni zamanda internet vasitəsilə tanış olub ailə quranların sayı artır. Bəzi gənclər televiziya proqramları vasitəsilə ailə həyatı qurmağa çalışırlar. Yeni texnologiyaların müəyyən müsbət tərəfləri olsa da, belə halların milli dəyərlərə mənfi təsir göstərdiyi düşünülür. Gələcəkdə bu kimi problemlərin qarşısını almaq üçün insanların intellektual və mənəvi səviyyəsinin yüksəldilməsi vacibdir.

Sədr qeyd edib ki, dövlət tərəfindən ailə məsələlərinə xüsusi diqqət ayrılır: Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti ailə məsələlərinə xüsusi önəm verir və bu sahəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu məqsədlə aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Çünki cəmiyyətin inkişafı, insanlar arasında münasibətlərin formalaşması ailə olmadan mümkün deyil. İqtisadi, siyasi, mənəvi və ideoloji münasibətlərin təməli məhz ailədə qoyulur.

Esmira Rəhimova bildirib ki, sağlam ailə modeli güclü dövlətin əsasını təşkil edir: Azərbaycan ailə modeli milli-mənəvi dəyərlər əsasında formalaşmışdır. Sağlam və ləyaqətli ailənin formalaşması güclü dövlət və sağlam cəmiyyət deməkdir. Ailə dəyərləri qədim tarixə malik olsa da, zaman keçdikcə müəyyən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər bəzən ailənin daha da möhkəmlənməsinə, bəzən isə zəifləməsinə səbəb olur.

E.Rəhimovanın sözlərinə görə, ailə dəyərlərinin qorunması gələcək nəslin düzgün formalaşmasına xidmət edir: Ailə dəyərlərinin qorunması hər bir xalqın özünəməxsus keyfiyyətlərini gələcək nəsillərə ötürməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, ailə üzvləri arasında qarşılıqlı hörmət, mehribanlıq və səmimiyyət hökm sürsün. Ululardan gələn ənənələrin müasir tərbiyə prinsipləri ilə vəhdəti sağlam düşüncəli, vətənpərvər və milli ruhda böyüyən gənc nəslin formalaşmasına xidmət edir.

Sədr sonda vurğulayıb ki, nümunəvi ailələr cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır: Ailə o zaman nümunəvi hesab olunur ki, cəmiyyətə milli duyğulu, vətənini sevən və bəşəri dəyərlərə sahib övladlar bəxş etsin. Sevindirici haldır ki, Azərbaycanda belə nümunəvi ailələr var və gələcəkdə də olacaqdır.

Fatimə Nəbiyeva

Seçilən
4
qht.az

1Mənbələr