AZ

Sierra Leone nümayəndəsi: Azərbaycan qlobal dayanıqlı şəhər inkişafı gündəliyinə töhfəsini verə bilər

Bakı, 18 may, AZƏRTAC

İqlim dayanıqlılığı və davamlılıq gələcək onilliklərdə qlobal urbanizasiya gündəliyinin əsas istiqamətlərindən biri olacaq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Qərbi Afrika dövləti olan Sierra Leone üzrə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ölkə rəhbəri Gertrude Sara Morgan deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq Bakının memarlığının və tarixi binalarının onda xoş təəssürat yaratdığını qeyd edib: "Azərbaycanın xüsusilə nəqliyyat infrastrukturu sahəsində bölüşə biləcəyi mühüm təcrübəsi var. Düşünürəm ki, Azərbaycan da digər ölkələr kimi qlobal dayanıqlı şəhər inkişafı gündəliyinə öz töhfəsini verə bilər. Eyni zamanda, biz hamımız bir-birimizdən öyrənməliyik".

O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirləri artıq bütün dünyada hiss olunur və bu səbəbdən şəhərlərin daha dayanıqlı və iqlimə davamlı şəkildə inkişafı əsas prioritetə çevrilməlidir. Davamlılıq prinsipləri bütün sahələrdə nəzərə alınmalıdır.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy

 

Seçilən
25
azertag.az

1Mənbələr