AZ

Bu gün şəhid İlkin Vəliyevin doğum günüdür

1996-ci il may ayının 18-də Goranboy rayonu Qızılhacılı qəsəbəsində bir körpə dünyaya göz açdı. Bu körpə ata-ananın ilk övladı olduğundan onun adını İlkin qoydular. Uşaqlıqda çox sakit, dinməz biri olub, sanki üzündən nur yağırmış. İlkin beləcə böyüyür və hər kəsin sevimlisinə çevrilirdi. Yaxınlarının deməsinə görə, İlkin balacalığından o qədər xoşxasiyyət insan idi ki, hətta özündən bir yaş balaca qardaşının belə hər zaman qayğısına qalırmış.

QHT.az xəbər verir ki, İlkinin atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olub. Ata 1-ci Qarabağ döyüşlərindən danışanda İlkin elə diqqətlə qulaq asırmış ki, sanki böyük bir adam dinləyirmiş. İlkin böyüyərək 2002-ci ildə Dilbazi Qasımov adına 1 nömrəli orta məktəbin 1-ci sinifinə gedir. O, oxuyub, yazmaği həvəslə öyrənirmiş. Müəlliməsinin sözlərinə görə, İlkində hələ uşaq yaşlarından vətəninə, bayrağına qarşı xüsusi sevgi olub. O hətta yol gedərkən yerə atılmış adi kağız parçasının üzərində bayraq şəkili görsəydi belə tez onu götürüb öpərmiş, ayaq altında saxlamaz, cibinə qoyarmış.

İlkin orta məktəb dərsliklərində düşmənin işğal etdiyi torpaqlarımızın tarixini də həvəslə öyrənirmi. O görüb ki, onun doğulduğu tarix Laçının işğal olunduğu tarixlə eyni günə düşür. Bu səbəbdən də qəhrəmanımız həmin tarixi bildiyi gundən deyirmiş ki, torpağımız işğalda olduğu müddətdə mən heç vaxt ad günümü qeyd etməyəcəyəm. İlkin onu da tez-tez deyərmiş ki, böyüyüb əsgər olacaq, işğal altında qalan tarixi torpaqlarımızı azad edib, həm torpağımızın azadlığını, həm də öz ad gününü qeyd edəcək. 2008-ci ildə İlkinin 12 yaşı olarkən anası 34 yaşında ağır bir xəstəlikdən vəfat edir.

Ananın ölümü onu çox sarsıdıb. Bu hadisə qəhrəmanımıza ağır bir zərbə olub. O çox fikir edirmiş. Sanki yaşından tez böyüyürmüş. Ananın vaxtsız vəfatından sonra İlkin və ondan bir yaş balaca olan qardaşı atanın, nənənin qayğısı ilə böyüyürlər. İlkin artıq 9-cu sinifdə oxuyanda atası və nənəsinə deyir ki, hərbi liseydə oxumaq istəyir. Ata və nənə İlkinin bu məktəbə çox həvəsli olmasını görür və beləcə onun fikri ilə razılaşırlar. İlkin həvəslə oxuyur və imtahanda yaxşı bal toplayaraq hərbi liseyə qəbul olur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İlkin Səfayıl oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Seçilən
26
qht.az

1Mənbələr