AZ

Diaspor körpüsü: ABŞ nin Corciya ştatında Azərbaycan icmasının toplantısı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Corciya ştatının Atlanta şəhərində və ətraf bölgələrdə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, toplantı Azərbaycanın və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Komitə sədrinin müavini Elşad Əliyev diaspor quruculuğu sahəsində görülən işlər barədə danışıb. Bildirib ki, Azərbaycan diasporu müxtəlif ölkələrdə milli maraqların müdafiəsi, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də mədəni dəyərlərimizin təbliği baxımından mühüm rol oynayır.

Görüşün təşkilatçısı və Corciya Azərbaycan icmasının fəal üzvü Ehtiram Əsgərov qeydiyyat prosesində olan yeni yaradılacaq təşkilat barədə məlumat verib. O, şəbəkələşmənin icmanın fəaliyyətinin daha koordinasiyalı və səmərəli şəkildə qurulmasına, həmçinin yerli azərbaycanlıların birgə fəaliyyət imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Emori Universitetinin professoru Əminə Salamova bu cür görüşlərin icma üzvlərinin bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O bu formatda görüşlərin davamlı keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Corciya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü Nigar Xasayeva ştatda təhsil alan azərbaycanlı gənclərin diaspor fəaliyyəti və onlarla birgə həyata keçirilən işlər barədə danışıb. Amerika Azərbaycanlı Gənclər Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşən soydaşımız tədbirin xüsusi önəm daşıdığını bildirib.

Pərvanə Qoca da çıxışında Azərbaycan icmasının birliyinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun nümayiş etdirdiyi həmrəyliyin əhəmiyyətini vurğulayıb.

Görüşdə “Tarix dərsi”, “Birlik” və “Qarabağ Azərbaycandır” videoçarxları nümayiş olunub.

Toplantıda gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr