AZ

"Gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur" -

“Bu forum hökumətləri, yerli idarəetmə orqanlarını, beynəlxalq təşkilatları, ekspertləri və tərəfdaşları şəhərlər üçün həqiqətən dönüş nöqtəsi olan bir zamanda bir araya gətirən qlobal platformadır”. Mətbuat.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı Assambleyasının (UN-Habitat) fəaliyyətdə olan sədri Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş rəsmi mətbuat konfransında çıxışı zamanı deyib.Nqa Kor Minq bildirib ki, Bakıda bu qədər geniş nümayəndə heyətini görərkən, urbanizasiya ilə bağlı müzakirələrin rəqəmlər dili ilə aparıldığı bir dövrdə insanlığı əsas gündəmə çevirməyin vacibliyini xatırlayır. Onun sözlərinə görə, şəhər sadəcə binalar toplusu deyil, insan talelərinin bir-biri ilə bağlı olduğu mürəkkəb bir sistemdir.O qeyd edib ki, urbanizasiya cəmiyyəti misli görünməmiş sürətlə dəyişdirməyə davam edir. Şəhərlər iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə üçün şərait yaratsa da, eyni zamanda mənzil böhranı, iqlim riskləri, sosial bərabərsizlik və infrastrukturla dövlət xidmətlərinə artan tələbat kimi problemlərlə üz-üzədir.Assambleya sədri vurğulayıb ki, xüsusilə həssas əhali qrupları üçün layiqli mənzilə çıxış bu gün ən vacib məsələlərdən biri olaraq qalır. Məhz buna görə də builki forumun “Mənzillə təmin olunmuş dünya: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hər zamankından daha aktualdır. Bu mövzu bir daha göstərir ki, insanlıq ən böyük gücdür. Texnologiyalar informasiyanı sürətlə yaymağa qadirdir, lakin etimadı və cəmiyyət qurmaq üçün lazım olan müdrikliyi formalaşdıra bilmir.Spiker bildirib ki, həftə ərzində keçiriləcək müzakirələr inklüziv və dayanıqlı şəhərlərin qurulması üzrə praktiki yanaşmalara həsr olunacaq. Təşkilatçılar mənzil siyasəti və maliyyələşdirmə sahəsində vacib fikir mübadilələrinin olacağını gözləyirlər. Bununla yanaşı, həyata keçirilən layihələrin real irs qoymasının vacibliyi qeyd olunub. Nqa Kor Minqin sözlərinə görə, gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur.O əlavə edib ki, bir gün əvvəl Yeni Şəhərsalma Proqramına həsr olunmuş nazirlər görüşü bu ilin iyul ayında Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli baxış ərəfəsində güclü siyasi iradənin mövcud olduğunu nümayiş etdirib. Nqa Kor Minq bu prosesin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı urbanizasiya istiqamətində siyasi dinamikanın qorunması üçün mühüm imkan yaratdığına əminliyini ifadə edib. O, ümumi və gözəl ifadələrdən konkret və ölçülə bilən nəticələrə keçidin vacibliyini xüsusi vurğulayıb.Assambleya sədrinin fikrincə, Ümumdünya Şəhərsalma Forumu kimi platformalar hökumətlər və tərəfdaşlar üçün əvəzolunmazdır. Çünki bu platformalar müxtəlif ölkələrin və şəhərlərin bir-birindən öyrənməsinə, müxtəlif milli və yerli kontekstlərə uyğun praktik həllər tapmasına imkan yaradır. Bu baxımdan Malayziya dayanıqlı şəhər inkişafının təşviqi və şəhərlərdə həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığa sadiq qalır.

Gülbəniz Hüseynli /Mətbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr