AZ

“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib

16 may 2026-cı il tarixində Əsgər Ailələri Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi jurnalist Roza Əliqızı Veteran Qadınlar Birliyinin ofisində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilən “Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirdi.

QHT.az xəbər verir ki, tədbir şəhid sevgililərinin və nişanlılarının sədaqətinə, vəfasına, milli-mənəvi dəyərlərimizi yaşadan məğrur Azərbaycan xanımlarına həsr olunmuşdu.

Tədbirdə müharibə veteranları, qazilər və qonaqlar iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Roza Əliqızı tədbirin məqsədi barədə çıxış etdi:

“Əzizlərim, hörmətli iştirakçılar, bu gün burada sadəcə bir mövzudan danışmırıq. Bu gün biz Vətən uğrunda canından keçən igidlərimizin arxasında qalan, amma sevgisini, sədaqətini və mənəvi ucalığını ömrünün sonuna qədər yaşadan Azərbaycan qadınından danışırıq.

Şəhid olmaq Vətən uğrunda can verməkdirsə, şəhidə sədaqətlə yaşamaq da başqa bir qəhrəmanlıqdır. Biz çox zaman şəhidlərimizin döyüş meydanındakı igidliyindən danışırıq və danışmalıyıq da, amma onların arxasında qalan, yarımçıq arzularını ürəyində daşıyan, toy libasını yas rənginə çevirən, “yarım qaldı” deyib sevgisini ömür boyu qəlbində yaşadan xanımlarımız da bu millətin mənəvi gücüdür.

Hüseyn Nəcəfzadə, Turan Məhərrəmov, Vəli Mustafayev, Mehman Musayev kimi Vətən oğullarının nişanlılarının göstərdiyi sədaqət sadəcə şəxsi hiss deyil, bu, milli-mənəvi dəyərdir. Bu, Azərbaycan qadınının sevgiyə, əmanətə və ada göstərdiyi hörmətdir.

Turan Məhərrəmovun nişanlısının öz həyatını həmin müqəddəs ada bağlayaraq şəhidin ailəsində, qaynatası evində sədaqətlə yaşaması bir ömürlük vəfa nümunəsidir. Bu addım cəmiyyətə göstərir ki, sevgi bəzən toyla deyil, sədaqətlə tamamlanır. Bəzən insan fiziki olaraq getsə də, ona olan bağlılıq bir ömür yaşayır.

Belə xanımlar milli kimliyimizin görünməyən qəhrəmanlarıdır. Onlar sədaqətin, qeyrətin və mənəvi bütövlüyün canlı nümunəsidir. Gənc nəslə göstərirlər ki, sevgi sadəcə xoş günləri paylaşmaq deyil. Sevgi çətinlikdə də, itkidə də, yoxluqda da ürəkdə yaşatmaqdır.

Bu cür qadınları cəmiyyət tanımalıdır. Çünki tanınmalı olan yalnız məşhurluq deyil, tanınmalı olan dəyərdir.
Tanınmalı olan sədaqətdir. Tanınmalı olan Vətənə, şəhid adına və sevgiyə hörmətdir.

Bu gün biz onların timsalında Azərbaycan qadınının necə böyük ürək daşıdığını görürük. Onlar yas içində belə mənəviyyatını uca tutan, şəhid əmanətini qoruyan xanımlardır.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların əmanətlərinə sahib çıxan bütün sədaqətli xanımların qarşısında baş əyirik.

Çünki bəzən qəhrəmanlıq səngərdə şəhid olmaqdır. Bəzən isə o şəhidin adına ömür boyu sadiq qalmaq.

Var olsun Vətənə can verənlər, var olsun onları sevgisi ilə yaşadan Azərbaycan qadını”

Seçilən
16
2
qht.az

3Mənbələr