AZ

FT: Qlobal enerji böhranı daha təhlükəli mərhələyə keçir...

Neft qiymətlərinin kəskin artımı dünya iqtisadiyyatını yeni resessiya riski ilə üz-üzə qoya bilər...

Qlobal enerji bazarında vəziyyətin daha da gərginləşdiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, beynəlxalq treyderlər dünya neft bazarında dönüş nöqtəsinin yaxınlaşdığı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, Fars körfəzində bloklanan neftin Hörmüz boğazı vasitəsilə daşınması mümkün olmazsa, qlobal neft qiymətləri yenidən kəskin şəkildə yüksələ bilər.

“Aberdeen” investisiya fondu artıq “Brent” markalı neftin qiymətinin bir barel üçün 180 dollara qədər yüksəlməsi ssenarisini nəzərdən keçirir. Şirkət hesab edir ki, belə bir vəziyyət Avropa və Asiyada ağır iqtisadi resessiyaya səbəb ola bilər.

“Morgan Stanley” analitikləri isə bildirirlər ki, “eskalasiya ssenarisi” reallaşacağı və neftin qiyməti 150 dollar həddini keçəcəyi halda dünya real yanacaq çatışmazlığı, təchizat zəncirlərində ciddi pozuntular və qlobal iqtisadi geriləmə ilə üzləşəcək. Ekspertlərin fikrincə, inkişaf etmiş ölkələrdə böhran ilk növbədə məhsul və xidmət qiymətlərinin sürətlə artması ilə özünü göstərəcək.

Məqalədə qeyd olunur ki, İran ətrafında yaranmış münaqişənin başlanmasından sonra dünya enerji ehtiyatlarını normadan artıq sürətlə istehlak edir. Mart–iyun aylarında qlobal neft tələbatının gündəlik hasilatı təxminən 6 milyon barel üstələyəcəyi gözlənilir. Bəzi proqnozlarda isə bu göstəricinin 8–9 milyon barelə qədər yüksələ biləcəyi bildirilir.

Hazırda yaranan çatışmazlığı kompensasiya etmək üçün strateji ehtiyatlardan gündəlik təxminən 2 milyon barel neft bazara çıxarılır. Lakin bu proqramların iyul ayına qədər başa çatacağı vurğulanır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, dünya üzrə neft ehtiyatları artıq 380 milyon barelə yaxın azalıb. “JPMorgan”ın qiymətləndirməsinə görə isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə kommersiya neft ehtiyatları iyunun əvvəlində “əməliyyat stressi səviyyəsi” hesab olunan kritik həddə yaxınlaşa bilər.

Bir sıra neft emalı zavodlarının bahalaşmış nefti almaqdan və daşınma xərclərinin artımını ödəməkdən çəkinərək mövcud ehtiyatlardan istifadə etməyə üstünlük verdiyi qeyd olunur. Şirkətlər müharibənin yaxın vaxtlarda başa çatacağına ümid etdikləri üçün yeni alışları minimuma endirməyə çalışırlar.

Bir çox ölkə iqtisadiyyatlarını qorumaq üçün fövqəladə tədbirlər görməyə başlayıb. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, sərt iqtisadi tədbirlər tətbiq edən ölkələrin sayı martın sonundakı 55 ölkədən hazırda 76-ya yüksəlib.

Avstraliya yanacaq ehtiyatlarının artırılması üçün 10 milyard dollar ayıracağını açıqlayıb. Fransa biznes sektoruna dövlət dəstəyini genişləndirməyə hazırlaşır. Hindistan isə vətəndaşları qızıl almaqdan və xaricdə istirahətdən imtina etməyə çağırıb.

İnkişaf etməkdə olan bəzi dövlətlərdə isə enerji böhranı artıq yanacaq çatışmazlığına səbəb olub. Pakistan, Şri-Lanka və Filippin hökumətləri vəziyyətlə əlaqədar müvəqqəti olaraq dördgünlük iş həftəsi tətbiq etmək məcburiyyətində qalıblar.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr