AZ

Restoran ləzzətində, amma ev şəraitində: Ən dadlı waffle resepti

Waffle (vafli) xəmirin üzərinə sürtülən müxtəlif şokoladlar, souslar və mövsüm meyvələri ilə bəzədilən ən məşhur desertlərdən biridir.

 

Pravda.az bildirir ki, kafe və restoranlarda yeməyə vərdiş etdiyiniz bu ləzzəti ev şəraitində, çox daha praktik üsulla hazırlaya bilərsiniz. Üstəlik, üzərini tamamilə öz zövqünüzə görə bəzəmək şansınız da var.

 

Waffle xəmiri üçün lazım olan ərzaqlar:

 

2 ədəd yumurta

 

1 xörək qaşığı şəkər tozu

 

1 paket qabartma tozu

 

1 paket vanil

 

1 çimdik duz

 

1.5 su stəkanı un

 

1 su stəkanı süd

 

1/4 (dörddə bir) su stəkanı duru yağ

 

Addım-addım waffle hazırlanması:

 

Yumurtaları hazırlayın: İlk olaraq yumurtaların ağını və sarısını ehtiyatla fərqli qablara ayırın. Yumurtanın ağını vanil ilə birlikdə mikser vasitəsilə köpüklənib qatılaşana qədər yaxşıca çalın.

 

Sarılarını çalın: Digər qabda olan yumurta sarılarının üzərinə şəkər tozunu əlavə edib ağarana qədər çalın.

 

Xəmiri birləşdirin: Çalınmış yumurta ağı və vanil qarışığının üzərinə digər qabda hazırladığınız şəkərli qarışığı, südü, duru yağı, unu, qabartma tozunu və bir çimdik duzu əlavə edin.

 

Qarışdırın: Bütün ərzaqları xəmir tam konsensensiya alıb qatılaşana qədər qarışdırmağa davam edin. Hazır olan xəmiri əvvəlcədən isidilmiş waffle aparatına tökərək bişirin.

 

Bəzəyin və servis edin: Waffle xəmiri bişərkən, digər tərəfdən istədiyiniz meyvələri (çiyələk, banan, kivi və s.) dilimləyin. Bişən isti xəmirin üzərinə şokolad pastası çəkin və meyvələri düzün.

 

Son toxunuş: Üzərinə xırdalanmış qoz, fındıq və ya püstə səpin. Ev üsulu şokolad sousu ilə naxışlar çəkərək düz bir boşqabda servis edin.

 

Kiçik bir məsləhət: Desertinizin daha yüngül olmasını istəyirsinizsə, şokolad sousu əvəzinə meyvə souslarından və ya bir top vanilli dondurmadan istifadə edə bilərsiniz.

 

Waffle hazırlamağın sirrləri:

 

Yumurta seçimi: Waffle hazırlayarkən istifadə edəcəyiniz yumurtaların orta ölçülü (təxminən 50-60 qram) olmasına diqqət edin.

 

Unun ələnməsi: Xəmirə əlavə edəcəyiniz unun mütləq ən azı bir dəfə ələnməsi lazımdır. Qabartma tozunu da unla birlikdə ələsəniz, xəmiriniz daha yaxşı qabaracaq.

 

Un alternativləri: Zövqə görə ağ un əvəzinə tam buğda, yulaf və ya digər dənli bitkilərin unundan da istifadə edə bilərsiniz.

 

Əminə Bayramova

Tarix: 18 May 2026, 09:31   
Seçilən
2
pravda.az

1Mənbələr