Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt və bölgələrdə müəllimlərin sertifikasiya nəticələrinin artırılması, məktəblərə müəllim və direktor vəzifələrinə təyinat vədləri ilə bağlı çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs tanışı C.R.Qəmbərov, “Elnur” və digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəklində fəaliyyət göstərib, müxtəlif vətəndaşların etibarından sui-istifadə etməklə onların külli və xeyli miqdarda pul vəsaitlərini ələ keçirib.
İş materiallarına əsasən, Zaur Mustafayev və digər şəxslər əvvəlcədən öz aralarında rolları bölüşdürərək əsasən təhsil sahəsində işə düzəltmə, direktor təyinatı və müəllimlərin sertifikasiya nəticələrinin artırılması adı altında vətəndaşları aldadıblar. Onlar zərərçəkmiş şəxslərə aid yaxınlarının məktəblərdə müəllim və ya direktor vəzifələrinə təyin ediləcəyini, eləcə də sertifikasiya imtahanlarında yüksək nəticələrin təmin olunacağını vəd edərək müxtəlif məbləğlərdə pul alıblar.
Belə ki, təqsirləndirilən şəxs ilk epizodlardan birində zərərçəkmiş şəxslərdən birinə gəlininin müəllimlərin sertifikasiya imtahanında nəticəsinin 10 faizdən 45 faizə qaldırılmasına kömək ediləcəyini bildirib. Bu məqsədlə 2023-cü ildə Bakı şəhərində yerləşən ofislərdən birində zərərçəkmiş S.S.-dən (adı, soyadı şərtidir) 6 min manat məbləğində pul alınıb. Həmin vəsait daha sonra qrup üzvləri arasında bölüşdürülərək şəxsi ehtiyaclara sərf olunub.
Digər epizodda isə Xocavənd rayonunda yaşayan şəxsin ibtidai sinif müəllimi işləyən qızlarının sertifikasiya nəticələrinin artırılacağı vədi verilib. Təqsirləndirilən şəxs və digər şəxslər bu məqsədlə zərərçəkmişdən 20 min manat pul alaraq onu da mənimsəyiblər.
Məhkəmə materiallarında qeyd olunub ki, dəstə üzvləri yalnız sertifikasiya məsələləri ilə kifayətlənməyərək müxtəlif şəxslərə məktəblərdə müəllim və direktor vəzifələrinə təyinat vədləri də veriblər.
Belə ki, ingilis dili müəllimi kimi işə düzəlmək istəyən bir şəxsin ailəsindən 15 min manat, Bakı şəhərində orta məktəblərdən birində riyaziyyat müəllimi kimi işə qəbul olunacağı vədi verilən digər şəxsdən isə daha 15 min manat pul alınıb.
Cinayət işində ən böyük məbləğlərdən biri isə orta məktəblərdən birinə direktor təyin olunacağı vədi verilən zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə bağlı olub. Zaur Mustafayev və digər şəxslər müxtəlif tarixlərdə notariat ofislərində, marketlərdə yerləşən elektron ödəmə terminalları və bank kartları vasitəsilə həmin şəxsdən ümumilikdə 63 000 manat pul vəsaiti əldə ediblər. Pul vəsaitlərinin bir hissəsi nağd şəkildə, digər hissələri isə müxtəlif bank kartlarına köçürmə yolu ilə alınıb.
Bundan başqa, digər zərərçəkmiş şəxslərə də məktəb direktoru vəzifəsinə təyinat vədi verilərək müxtəlif məbləğlərdə vəsaitlər mənimsənilib. Bir epizod üzrə zərərçəkmiş şəxsdən ümumilikdə 55 000 manat, digər epizod üzrə isə 12 500 manat məbləğində pul alınaraq mənimsənilib.
İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər əldə etdikləri vəsaitləri öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf ediblər. Onların əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə yüz minlərlə manat məbləğində maddi ziyan dəyib.
Məhkəmədə araşdırılan materiallara əsasən, Zaur Mustafayevin əməlləri Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri ilə tövsif olunub.
Beləliklə, onlar zərərçəkmişlərə ümumilikdə 200 000 manatdan artıq ziyan vurublar.
Cinayət işi üzrə digər şəxslərin də əməlləri ayrıca araşdırılıb.
Məhkəmənin hökmü ilə Zaur Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Zaur Mustafayev Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.
Kamal Məmmədov