AZ

Kolbasanın mütəmadi istehlakı xərçəng və digər xəstəliklərin riskini artırır

Mütəmadi olaraq kolbasa yemək xərçəng xəstəliyinin yaranmasına və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər.

 

Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq, endokrinoloq və Moskva Psixoanaliz İnstitutunun "ReForma" tədris layihəsinin müəllimi Mayra Rau "RIA Novosti"yə açıqlamasında xəbərdarlıq edib.

 

Mütəxəssis bildirib ki, qaynadılmış və hisə verilmiş kolbasalar işlənmiş ət məhsulları kateqoriyasına daxildir. Belə qidaların qəbulu mümkün qədər azaldılmalı, hətta onlardan tamamilə uzaq durulmalıdır. Çünki bu növ məhsulların çox və ya davamlı istehlakı ürək-damar patologiyaları, artıq çəki (piylənmə) və bəzi xərçəng formalarının yaranma riski ilə birbaşa bağlıdır.

 

Hərçənd kolbasa məmulatları üçün konkret gündəlik norma müəyyən edilməyib, lakin həlledici amil qəbul edilən qidanın həcmi və müntəzəmliyidir. Diyetoloq kolbasaların tərkibindəki təhlükəli rəqəmləri diqqətə çatdırıb:

 

- Qaynadılmış kolbasa: 100 qram məhsulda 25-30 qram yağ var. Həmçinin tərkibində böyük miqdarda duz və natrium olduğu üçün hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkənlərin menyusundan tamamilə çıxarılmalıdır.

 

- Çiy hisə verilmiş kolbasa: 100 qram məhsulda 40-45 qram yağ mövcuddur.

 

Bu yağlar doymuş xarakter daşıyır və normadan artıq qəbul edildikdə orqanizmdə lipid (piy) mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu səbəbdən hər iki məhsul növü hər gün istifadə üçün qətiyyən məqbul hesab edilmir. Həmçinin, bu məhsullar kanserogen xüsusiyyətli ola biləcək konservantlar ehtiva edir.

 

Mayra Rau kolbasa məmulatlarının sağlam gündəlik qidalanma rejiminə uyğun olmadığını xüsusi vurğulayıb və onları fərqli zülal ehtiyatları ilə əvəzləməyi məsləhət görüb. Mütəxəssis buterbrod hazırlayarkən kolbasa əvəzinə daha sağlam seçimlərə üstünlük verməyi tövsiyə edir:

 

- Balıq;

 

- Sobada qızardılmış ət və ya quş əti;

 

- Yağsız pendirlər;

 

- Tərəvəzlər.

Tarix: 18 May 2026, 08:47   
Seçilən
46
pravda.az

1Mənbələr