AZ

Almaniyanın nəhəng avtomobil şirkətləri hərbi sifarişlərə yönəlir

BAKI, 18 may. TELEQRAF

Almaniyanın “Mercedes-Benz” və digər iri avtomobil istehsalçıları müdafiə sənayesindən gələn sifarişlərə üstünlük verməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, Fransa yaxın zamanda Almaniyanın “Quantum Systems” pilotsuz uçuş aparatları şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb və 7 min ədəd “Zetros” yük maşını sifariş edib.

Bildirilir ki, Almaniya Silahlı Qüvvələri də “Daimler Trucks” şirkətindən logistika məqsədilə yüzlərlə “Arocs 6x6” yük avtomobili alıb. Oxşar sifarişi Litva da verib.

Qəzet yazır ki, “Mercedes-Benz” hərbi sektorda fəaliyyətini genişləndirməyi planlaşdırır. Şirkət üçün xüsusilə “Mercedes G-Class” yolsuzluq avtomobilləri maraq doğurur. Bu model Almaniya ordusunda “Wolf” adı ilə istifadə olunur.

“Daimler Trucks” isə “Unimog”, “Sprinter” və ağır yük maşınlarının istehsalına xüsusi önəm verir.

“Bild”in məlumatına görə, “Mercedes” “Quantum Systems” ilə birlikdə yük maşınlarının pilotsuz aparatlarla inteqrasiyası üzərində işləyir.

Şirkətin nümayəndəsi bildirib ki, “Mercedes-Benz”in əsas istiqaməti mülki avtomobil istehsalı olaraq qalır, lakin təhlükəsizlik və müdafiə sahəsi də strateji inkişaf istiqaməti hesab olunur.

Qeyd olunub ki, Almaniyanın digər avtomobil şirkətləri də müdafiə sənayesi ilə əməkdaşlığı genişləndirir. İsrailin “Rafael” şirkəti Almaniyada hava hücumundan müdafiə sistemləri və lazer silahlarının istehsalı üçün zavod axtarır.

Tank istehsalçısı KNDS isə “Mercedes”in Berlin yaxınlığındakı zavodu ilə maraqlanır. Bundan başqa, “Volkswagen”in Osnabrükdə bağlanması planlaşdırılan zavodunun zirehli texnika istehsalına cəlb edilə biləcəyi bildirilir.

Seçilən
30
teleqraf.com

1Mənbələr