AZ

AĞ EVDƏ HÜCUM TƏŞVİŞİ : CIA rəhbərinin gizli səfərinin detalları

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Trampın kəşfiyyat rəhbərindən Kubaya ultimatum: "Dronların hədəfi Floridadır, hərbi cavab verilə bilər!"

ABŞ-nin "Axios" xəbər portalı rəsmi Vaşinqtonu ayağa qaldıran məxfi kəşfiyyat hesabatının təfərrüatlarını yayıb. 

"AzPolitika" bildirir ki, Ağ Evdən sızan məlumatlara görə, Amerika rəsmiləri Kubanın kütləvi şəkildə hərbi dronlar əldə etməsindən və bu silahları birbaşa ABŞ hədəflərinə qarşı yönəltməsindən ciddi təşvişə düşüblər. Kəşfiyyat materiallarında qeyd olunur ki, Kuba son bir neçə ildə Rusiya və İrandan müxtəlif texniki göstəricilərə malik 300-dən çox hərbi zərbə pilotsuz uçuş aparatı (PUA) alaraq onları adanın strateji nöqtələrində yerləşdirib. Hətta Havanada iranlı hərbi məsləhətçilərin olduğu və Kubanın son bir ayda Rusiyadan əlavə hərbi avadanlıq və PUA partiyası istədiyi də rabitə dinləmələrinə düşüb. ABŞ tərəfini ən çox qorxudan isə Kuba hərbi rəsmilərinin bu dronlardan harada istifadə edəcəyi ilə bağlı planlarıdır. Belə ki, potensial hədəflər arasında ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazası, Karib dənizindəki ABŞ hərbi gəmiləri və Havana yaxınlığında, təxminən 150 kilometrlik məsafədə yerləşən Florida ştatının Key-Vest şəhəri var.

Məsələnin ciddiliyini nümayiş etdirən ən mühüm addım isə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin mayın 14-də Kubaya etdiyi qəfil və gizli səfər olub. Retkliff Havanada Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi Raul Gilyermo Kastro və yerli kəşfiyyat rəhbəri Romero Kurbelo ilə görüşüb. CIA rəhbəri prezident Donald Trampın birbaşa sərt xəbərdarlığını qarşı tərəfə çatdıraraq bildirib ki, Kuba artıq rəqiblərin ABŞ yarımkürəsində düşmənçilik planlarını həyata keçirməsi üçün bir platforma rolunu oynaya bilməz və Qərb yarımkürəsi Amerikanın düşmənlərinin oyun meydançası deyil. Retkliff həmçinin adanın ağır iqtisadi vəziyyətdən qurtulması üçün Kubaya mövcud idarəetmə sistemindən imtina etməyi, yəni totalitar rejimi bitirməyi təklif edib. ABŞ-ın yüksək rütbəli rəsmiləri bəyan ediblər ki, əgər Kubadan hər hansı bir dron təhdidi reallaşarsa, bu, Vaşinqtonun Havanaya birbaşa hərbi cavab verməsi üçün tam əsas yaradacaq.

Ekspertlər bu kəşfiyyat sızıntısının təsadüfi olmadığını və ABŞ-nin Kubaya qarşı mümkün hərbi və ya daha sərt sanksiya əməliyyatları üçün beynəlxalq rəy formalaşdırdığını düşünürlər. Hazırda iki ölkə arasında münasibətlər son dərəcə gərgindir. Çünki bu kəşfiyyat xəbəri, ABŞ Ədliyyə Nazirliyinin 94 yaşlı sabiq Kuba lideri Raul Kastroya qarşı 1996-cı ildə ABŞ təyyarəsinin vurulması ilə bağlı rəsmi ittiham irəli sürməyə hazırlaşdığı günlərlə eyni vaxta təsadüf edir. Digər tərəfdən, ABŞ-ın tətbiq etdiyi ciddi yanacaq blokadası səbəbindən Kubada kütləvi elektrik kəsintiləri və böhran yaşanır, neft tamamilə tükəndiyi üçün ölkə qaranlığa qərq olub. Kuba tərəfi ABŞ-ni adada bilərəkdən "humanitar fəlakət" yaratmaqda ittiham etdiyi bir vaxtda, Amerika ordusu Kubanın hərəkətlərini yaxından izləmək üçün adanın ətrafında intensiv hava kəşfiyyatı uçuşlarını bərpa edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr